Son statistik göstəricilərə əsasən, ölkə üzrə fəaliyyət göstərən həkimlərin sayı 34 min 776 nəfərdir.
Adıçəkilən peşə sahiblərinin böyük hissəsi – 23 min 585 nəfəri Bakıda çalışır və ümumi həkim sayının təxminən üçdə ikisindən çoxunu təşkil edir. Paytaxtda tibbi kadrların sıxlığı daha yüksəkdir. Belə ki, hər 10 min sakinə orta hesabla 100 həkim düşür. Regionlarda isə həkim təminatı xeyli aşağı səviyyədədir və kadr çatışmazlığı daha qabarıq hiss olunur.
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, regionlarda tibbi kadr çatışmazlığının aradan qaldırılması üçün ilk növbədə həkimlərin həmin ərazilərdə işləməyə marağı artırılmalıdır:
“Bunun üçün dövlət tərəfindən müxtəlif sosial və maliyyə dəstək mexanizmlərinin tətbiqi vacibdir. Peşəkar mütəxəssislərin müəyyən proqramlar çərçivəsində bölgələrə cəlb olunması yerli səhiyyə müəssisələrinin fəaliyyətinə müsbət təsir göstərə bilər. Belə yanaşma həm də gənc kadrların təcrübə qazanmasına imkan yaradar. Ümumiyyətlə, səhiyyədə keyfiyyətli dəyişikliklərə nail olmaq üçün yalnız ayrı-ayrı qərarlar kifayət deyil. Tibbi xidmətlərin maliyyələşdirilməsi, peşə hazırlığı sistemi və həkimlərin hüquqi təminatı kompleks şəkildə təkmilləşdirilməlidir”.

Ekspertin fikrincə, uzun illər təcrübə toplamış həkimlərin yaş səbəbindən fəaliyyət imkanlarının məhdudlaşdırılması səhiyyə sahəsi üçün itkiyə çevrilib:
“Bu kateqoriyadan olan mütəxəssislərin bilik və bacarıqlarından istifadə etmək daha məqsədəuyğun olardı. Hazırkı problemlər vaxtında həll edilməsə, gələcəkdə tibb müəssisələrinin kadr ehtiyacını qarşılamaq daha da çətinləşəcək. Artıq bəzi istiqamətlər üzrə mütəxəssis qıtlığı hiss olunmağa başlayıb.
Nəzərə almaq lazımdır ki, xarici ölkələrdə daha əlverişli iş və inkişaf imkanlarının mövcudluğu gənc həkimlərin ölkədən getməsinə təsir göstərən əsas amillərdəndir. Xaricə üz tutanların əksəriyyəti isə sonradan geri dönməyə maraq göstərmir. Həkim axınının qarşısını almaq üçün ölkə daxilində peşəkar inkişaf, əməkhaqqı və sosial təminat sahələrində daha cəlbedici şərait yaradılmalıdır”.
Günel Cəlilova


