Bir çox insan qarşı tərəfdə yalan şübhəsi yarandıqda birbaşa ittihamlara keçir və ya mimika və jestlərdən aldatmanı müəyyən etməyə çalışır. Lakin təcrübəli detektiv hesab edir ki, bu yanaşma həqiqətin üzə çıxmasına mane olur.
HİT.az-ın məlumatına görə, polisdə 13 illik təcrübəyə malik keçmiş əməkdaş Coşua Meyson Inc.com nəşrinə açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanları yalanı aşkar etmək üçün xüsusi bir metoddan istifadə edirlər. Onun sözlərinə görə, birbaşa ittihamlar əks təsir yaradır.
Çünki insanı birbaşa yalanla günahlandırmaq dialoqu dərhal konfliktə çevirir. Qarşı tərəf müdafiə mövqeyinə keçir, faktlar əvəzinə ittiham edən şəxsin niyyətini müzakirə etməyə başlayır və ya ümumiyyətlə mövzunu dəyişir.
Detektiv həmçinin bədən dilinə həddindən artıq diqqət yetirməyi də düzgün saymır. Gözün yayındırılması və ya həyəcan kimi əlamətlər həmişə yalan demək deyil, çox vaxt sadəcə stress və ya narahatlıq göstəricisi olur.
Yalanı anlamaq üçün üç addım
Mütəxəssisin sözlərinə görə, daha effektiv üsul müşahidə və dəqiqləşdirici suallara əsaslanır.
Birinci addım
İttiham etmədən sakit şəkildə müşahidəni ifadə etmək. Məsələn: “Mənə elə gəlir ki, bu hekayədə nəsə çatışmır” və ya “Bir az gərgin görünürsünüz”.
İkinci addım
“Niyə” sözündən yox, “nə” ilə başlayan suallardan istifadə etmək. “Niyə belə etdiniz?” əvəzinə “Sonra nə oldu?” və ya “Bundan sonra nə etdiniz?” kimi suallar daha effektivdir. Bu cür suallar insanı daha çox detal verməyə məcbur edir və ziddiyyətlər adətən məhz detallarda üzə çıxır.
Üçüncü addım
Ən qeyri-adi mərhələ isə tələsməməkdir. Əgər qarşı tərəf dolaşıq cavablar verirsə, dərhal onu ifşa etmək əvəzinə, öz versiyasını davam etdirməsinə imkan vermək tövsiyə olunur. Zaman keçdikcə yalanı davam etdirmək çətinləşir və ya insan özü ziddiyyətlərə düşür.
Psixoloqlar da bu yanaşmanı dəstəkləyir
Araşdırmalara görə, günahsız insanlar hadisələri daha çox detal ilə izah etməyə meylli olur, yalan danışanlar isə suallardan yayınır və ya öz dedikləri ilə ziddiyyət yaradır.
Bununla belə, ekspertlər bildirirlər ki, yalanı aşkar etməyin universal üsulu yoxdur. Amma sakit ünsiyyət, dəqiqləşdirici suallar və detallara diqqət daha effektiv nəticə verə bilər.
Samir


