Bir müddətdir Bakının satış məntəqələrində mövsümün ilk yerli qarpızları alıcılara təqdim olunur.
Hazırda bazara çıxarılan məhsullar əsasən Aran bölgəsindən, xüsusilə Sabirabad ərazisindən tədarük edilir. Qiymətlər satış nöqtəsindən asılı olaraq dəyişsə də, qarpızın kiloqramı əsasən 80 qəpik–1 manat aralığında satılır.
Qeyd edək ki, bir müddət əvvəl bazarda xaricdən gətirilən məhsullar üstünlük təşkil edirdi. Son günlər isə yerli təsərrüfatlarda yetişdirilən qarpızların bazara kütləvi çıxarılması nəticəsində idxal məhsullarının payı azalıb.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında deyib ki, qarpız alarkən yalnız görünüşünə deyil, onun yetişdirilmə şəraitinə də diqqət yetirmək lazımdır:

“Tərkibində normadan artıq nitrat olan məhsulların istehlakı insan sağlamlığı üçün təhlükə yarada bilər. Həddindən artıq gübrə tətbiq edilmiş qarpızlar bəzi xarakterik xüsusiyyətləri ilə seçilir. Belə məhsullar adətən iri həcmli olur, qabıq hissəsi normadan qalın görünür və kəsildikdə iç rəngi tünd qırmızı əvəzinə solğun çalarda olur”.
Ekspert qeyd edir ki, keyfiyyətsiz qarpızın içərisində kobud liflər və sərt damarlar daha qabarıq nəzərə çarpır:
“Həmçinin, bu cür qarpızlar kəsilən zaman yetişmiş məhsullara xas olan şəkildə asanlıqla çatlamır. Buna görə də istehlakçılara məhsul seçərkən ehtiyatlı davranmaq tövsiyə olunur”.
Günel Cəlilova


