ÖLKƏ
16:58 / 28.10.2021
242

Ruhi xəstə olan bacı-qardaşın pensiyası kəsilib - “Həkimlər sənədi itirib”

Ağdam rayonu, Üçoğlan kənd sakinləri olan bacı-qardaş Təvəkkül Sadıqov və Esmira Sadıqovanın bu ilin əvvəlindən pensiyaları kəsilib.

Bu barədə “Qafqazinfo” onların bacısı Narıngül Sadıqova müraciət edib. O qeyd edib ki, bacı və qardaşı ruhi xəstəlikdən əziyyət çəkirlər: “Bu ilin əvvəlindən hər ikisinin pensiyası kəsildi. Dedilər ki, təkrar müayinə olunmalıdırlar. Qardaşım bir dəfə müayinə olundu, ona yenə imtina cavabı gəldi. İkinci dəfə müayinə sənədləri sistemə vurulsa da, hələ ki, ona cavab gəlməyib. Bacımın isə sənədlərini Ağdam Rayon Ruhi Dispanserində həkimlər itiriblər. Dispanserdən deyirlər ki, yenidən müayinədən keçin, göndərək sənədləri. Ancaq buna imkanımız yoxdur. Hər iki şəxs yaşlı atamın himayəsində yaşayırlar. Pensiyaları olanda yenə özlərini dolandıra bilirdilər. İndi çox çətin vəziyyətdə qalıblar. Həm də bunlar ruhi xəstə olduqları halda niyə pensiyaları kəsilməlidir?!"

“Qafqazinfo” Təvəkkül Sadıqovun problemi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu göndərib. Qurumun mətbuat xidmətinin rəhbəri Tural Qurbanov cavab olaraq bildirib ki, Ağdam rayon sakini Sadıqov Təvəkkül Qaraxan oğlunun əlillik müddəti bu ilin fevral ayında bitib: "Tibb müəssisəsinin T.Sadıqovla bağlı e-sistemə daxil etdiyi göndəriş (forma 88) əsasında 27.05.2021-ci il tarixində əlilliyinin təkrar qiymətləndirilməsi zamanı göndərişin natamam tərtib edildiyi müəyyən olunub. Yəni, əqli geriliyin diaqnostikası İQ səviyyəsinin yoxlanması vasitəsilə aparılır. T.Sadıqovla bağlı göndərişdə əqli geriliyin səviyyəsini müəyyən etməyə əsas verən bu testin aparıldığı əksini tapmayıb. Bu səbəbdən ona əlillik təyinatı aparmaq mümkün olmayıb. T.Sadıqov ixtisaslaşmış tibb müəssisəsində İQ testləri etdirdikdən və bu barədə göndərişdə məlumat qeyd olunduqdan sonra onun əlilliyinin qiymətləndirilməsi aparılaraq müvafiq qərar qəbul ediləcək”.

Esmira Sadıqovanın sənədlərinin itirilməsi məsələsi ilə bağlı isə Ağdam rayon Ruhi-Əsəb Dispanseri ilə əlaqə saxladıq. Dispanserdən sorğumuza cavab olaraq bildirilib ki, yanaşı xəstəlikləri ilə əlaqədar vətəndaşın sənədləri bu ilin fevral ayında Rayon Mərkəzi Xəstəxanasına təqdim edilməsi üçün onun qohumlarına verilib: "Hazırda vətəndaşın özü və yaxınları da bunu təsdiqləyir".

2