ÖLKƏ
18:25 / 25.01.2023
209

Vidadi Zeynalov Əli Abbasovun görüş təklifini niyə rədd edib?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla keçmiş nazir Əli Abbasov arasında münasibətlər gərgindir. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, gərginliyin səbəbi “Rabitə işi”ndə Əli Abbasovun tutudğu mövqedir. 

Yada salaq ki, 2015-ci ildə MTN-də keçirilən əməliyyatdan az sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də həbslər həyata keçirilib. Həmin vaxt nazirliyin aparat rəhbəri vəzifəsində çalışan Vidadi Zeynalov da həbs edilib. 

Hazırda azadlıqda olan Vidadi Zeynalov bu dəfə müsadirə olunmuş əmlkalarının geri almaq üçün məhkəməyə müraciət etdiyinə görə gündəmə gəlib. 

O, bu məsələlər barədə musavat.com-a danışarkən Əli Abbasovla görüşüb-görüşmədiyi barədə suala “Yox, heç görüşməmişəm, görüşmək də istəmirəm” deyə cavab verib. 

Vidadi Zeynalov əlavə edib ki, keçmiş nazir onunla görüşməyə dəfələrlə cəhd edib: “Dəfələrlə belə cəhdlər edib, lakin mən görüşməmişəm, demişəm ki, sağ ol”.

Keçmiş Aparat rəhbərinin Əli Abbasovla bağlı suallara verdiyi cavablar onunla sabiq nazir arasında münasibətlərin gərgin olması barədə iddiaların əsassız olmadığı barədə ehtimalları artırır. 

Məsələ burasındadır ki, Vidadi Zeynalovla Əli Abbasov kifayət qədər yaxın olublar. Lakin “Rabitə işi”ndən sonra onların araları dəyib. “Rabitə işi”ndə yüksək vəzifəli şəxs kimi Vidadi Zeynalovun önə çəkilməsi əslində Əli Abbasovun xilasına hesablanmış addım kimi dəyərləndirilirdi. Hələ o vaxt bildirilirdi ki, Vidadi Zeynalovun həbsi və nazirlikdə baş verənlərin rəhbər şəxs kimi onun aktivinə yazılması Əli Abbasov üçün həbs təhlükəsini aradan qaldırıb. Lakin keçmiş nazir bunu qiymətləndirməyib. O, ümumiyyətlə, Vidadi Zeynalovun müdafiəsi üçün heç bir addım atmayıb. Bu baxımdan, onların münasibətlərində gərginlik yaranıb. 

Qeyd edək ki, Əli Abbasov 2004-2015-ci illərdə nazir olub (2004-2014-cü illərdə rabitə və informasiya texnologiyaları naziri, 2014-2015-ci illərdə rabitə və yüksək texnologiyalar naziri. Prezident İlham Əliyevin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib.

Vidadi Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs olunub. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ilin mart ayında isə azadlığa buraxılıb.

0