“Təcrübə tələb olunmur” ifadəsi ilə başlayan bəzi vakansiyaların şərtlərinə nəzər saldıqda tam əks mənzərə ilə qarşılaşmaq mümkündür.
Xüsusilə təcrübə proqramları üçün belə əvvəlki iş təcrübəsinin tələb edilməsi əmək bazarında ciddi ziddiyyət yaradır. İş həyatına ilk addımını atmaq istəyən gənclər haqlı olaraq soruşurlar: Təcrübə qazanmaq üçün yaradılan imkanlarda belə təcrübə tələb olunursa, bəs ilk şansı kim və necə verəcək?
Əslində bu yanaşma yeni məzunların və iş təcrübəsi olmayan şəxslərin əmək bazarına çıxışını daha da çətinləşdirən əsas problemlərdən biri kimi qiymətləndirilir.
Qeyd etdiyimiz kimi, əmək bazarında son dövrlər diqqətçəkən ziddiyyətlərdən biri də təcrübə proqramlarına yanaşmadır. Adından da göründüyü kimi, bu proqramlar insanlara ilk peşə vərdişlərini qazandırmaq üçün yaradılır. Lakin bəzi elanlarda “təcrübəçi” axtarıldığı halda, namizəddən əvvəlki iş təcrübəsinin istənilməsi bu anlayışın mahiyyətini sual altına qoyur.
Bu yanaşma bir tərəfdən işəgötürənlərin risklərini minimuma endirmək istəyi kimi görünə bilər. Çünki hazırlaşdırmağa vaxt və resurs sərf etmək əvəzinə, müəyyən bacarıqlara malik namizədlə işləmək daha rahatdır. Ancaq uzunmüddətli perspektivdə bu yanaşma əmək bazarının özünə zərər vurur.
İlk fürsəti əldə edə bilməyən gənclər ya peşələrindən uzaqlaşır, ya da ixtisaslarına uyğun olmayan sahələrdə çalışmağa məcbur qalırlar. Digər tərəfdən, bu vəziyyət “təcrübə” anlayışının məzmununu dəyişməyə başlayır. Təcrübə proqramı artıq öyrənmə mərhələsi deyil, daha aşağı xərc hesabına müəyyən işi görə biləcək əməkdaş axtarışına çevrilir.
Bu isə həm proqramın məqsədini dəyişir, həm də iş axtaranlarda məyusluq yaradır. Əslində, uğurlu işəgötürən yalnız namizədin bu gün nələri bacardığını deyil, qısa müddətdə nələri bacara biləcəyini də qiymətləndirməlidir. Çünki peşəkar kadrların böyük hissəsi ilk fürsəti məhz onlara etibar edən şirkətlərdə formalaşıb. Əgər hər kəs yalnız hazır mütəxəssis axtarsa, sabahın peşəkarlarını yetişdirmək daha da çətinləşəcək.
Günel Cəlilova


