İlk pişiyini seçmək hər zaman asan olmur. Baytar həkimlər bildirirlər ki, yeni başlayanlar üçün ən uyğun seçim sakit xasiyyətli, mehriban və baxımı asan olan pişik cinsləridir.
HİT.az xəbər verir ki, bu barədə "ParadePets" nəşri yazıb.
Mütəxəssislərin sözlərinə görə, ideal pişik yalnız gözəl görünüşü ilə deyil, həm də sakit davranışı və az qayğı tələb etməsi ilə seçilməlidir.
Bununla yanaşı, onlar vurğulayırlar ki, ən tələbkar olmayan pişik cinsi belə sahibinin diqqətinə, qayğısına və ünsiyyətinə ehtiyac duyur.
"Əgər müəyyən xarakter xüsusiyyətlərinə malik pişik axtarırsınızsa, seçim etməzdən əvvəl onunla tanış olmaq və bir-birinizə uyğun gəldiyinizə əmin olmaq vacibdir", deyə "Royal Canin" şirkətinin baytarlıq üzrə məsləhətçisi Annett Luvye bildirib.
Ən tələbkar olmayan 7 pişik cinsi
1. "Ragdoll"
Bu iri cins sahibinin qucağında tam rahatlaşması ilə tanınır.
Baytar həkim Keti Merkatorisin sözlərinə görə, "Ragdoll" pişikləri dünyanın ən populyar cinslərindən biridir. Onlar sakit təbiətli, mehriban, uşaqlara və qonaqlara qarşı dözümlüdür.
Uzun və ipək kimi yumşaq tükləri müntəzəm daranma tələb etsə də, sakit xasiyyətləri bu prosesi asanlaşdırır.
2. Amerika qısatüklü pişiyi
Bu cins XVII əsrdə Böyük Britaniyadan ABŞ-yə gəmiricilərlə mübarizə aparmaq məqsədilə gətirilib.
Onlar ov instinktlərini qoruyub saxlasalar da, eyni zamanda mehriban, oynaq və ailəyə bağlı olurlar.
Qısa tüklərinə görə həftədə bir dəfə daranmaları kifayətdir.
3. "Maine Coon"
İri ölçülərinə baxmayaraq, bu pişiklər sakit, səbirli və ailə həyatına asan uyğunlaşan heyvanlardır.
Onlar insanlarla və digər ev heyvanları ilə yaxşı münasibət qurur, sahibini izləməyi sevir, ağıllı olduqları üçün müxtəlif komandaları və oyunları asan öyrənirlər.
4. Britaniya qısatüklü pişiyi
Bu cins güclü bədən quruluşu, yumru sifəti və sakit xarakteri ilə seçilir.
Onlar daim diqqət tələb etmədikləri üçün xüsusilə məşğul insanlar üçün yaxşı seçim hesab olunur.
Qısa tüklərinin baxımı da sadədir və həftədə bir dəfə daranması kifayət edir.
5. Sibir pişiyi
Sərt iqlim şəraitinə uyğunlaşdırılmış bu cins müxtəlif yaşayış mühitinə asan uyğunlaşır.
Baytarların sözlərinə görə, Sibir pişikləri sakit, mehriban, insanlarla ünsiyyəti sevən və uşaqlarla, eləcə də digər heyvanlarla yaxşı yola gedən ev heyvanlarıdır.
6. Ev qısatüklü pişiyi
Sığınacaqlarda ən çox rast gəlinən qarışıq cins pişiklər fərqli rəng və xarakterə malik olsalar da, adətən ünsiyyətcil və uyğunlaşma qabiliyyəti yüksək olur.
Mütəxəssislər bildirirlər ki, genetik müxtəliflik sayəsində onlar irsi xəstəliklərə daha az meylli olur və qısa tükləri xüsusi qulluq tələb etmir.
7. Norveç meşə pişiyi
Görünüşünə görə vəhşi meşə pişiklərini xatırlatsa da, bu cins olduqca sakit və mehribandır.
Onlar uşaqlarla yaxşı münasibət qurur, böyük ailələr üçün uyğun hesab edilir və sahiblərinə güclü bağlılıq nümayiş etdirirlər.
Norveç meşə pişikləri həm aktiv oyunları və dırmaşmağı, həm də sahibinin yanında sakit şəkildə uzanmağı sevir.
Araşdırma nə göstərib?
Alimlər pişiklərin bir-birini niyə yaladığını da araşdırıblar. 106 ev təsərrüfatında yaşayan 106 pişiyin iştirakı ilə aparılan müşahidələr zamanı məlum olub ki, halların 87 faizində pişiklər bir-birinin baş və boyun nahiyəsini yalayır. Mütəxəssislər bunu həmin nahiyələrin heyvanın özünün təmizləməsinin çətin olması ilə izah edirlər.
Bununla yanaşı, araşdırılan 53 pişik cütünün 13-də qarşılıqlı qulluq davranışının güclü sosial əlaqələrin formalaşdığını göstərən əlamətlər daşıdığı müəyyən edilib.
Samir


