Politoloq: “Böyük Britaniyada hökumət dəyişikliyi beynəlxalq siyasətdə...”

DÜNYA
10:15 / 21.07.2026
313

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın yeni baş naziri bəlli olub.

Endi Börnhem Leyboristlər Partiyasının lideri və ölkənin Baş naziri vəzifəsinə seçilib. O, bir müddət əvvəl istefa verən Kir Starmeri əvəz edəcək. Maraqlıdır ki, son illərdə Böyük Britaniyada Baş nazir çox tez-tez dəyişir. Börnhem Britaniyanın son 10 ildəki 6-cı baş naziri olacaq.

Politoloq Yeganə Hacıyeva Hit.az-a açıqlamasında bildirib ki, Böyük Britaniyada hökumət dəyişikliyi beynəlxalq siyasətdə hər zaman diqqətlə izlənilən hadisələrdən biridir:


“Lakin bu gün əsas məsələ hakimiyyətə kimin gəlməsində deyil. Əsas sual ondan ibarətdir ki, London enerji, ticarət, kapital, rəqəmsal məlumat və texnologiyalar üzərində nəzarətin qlobal gücün əsas meyarına çevrildiyi yeni dünya nizamında hansı geosiyasi rolu oynamağı hədəfləyir. Tarix boyu Böyük Britaniyanın qlobal təsir imkanlarının əsasında dəniz kommunikasiya xətlərinə nəzarət dayanıb”.

Ekspert qeyd edib ki, imperiya dövründən müasir dövrə qədər Britaniya strateji düşüncəsinin əsas prinsipi dəyişməyib, dünya ticarətinin əsas marşrutlarına nəzarət edən dövlət, eyni zamanda beynəlxalq siyasi proseslərə təsir imkanlarını da genişləndirir:
“Lakin 21-ci əsrdə bu prinsip yeni məzmun qazanıb. Əgər keçən əsr ərazilər uğrunda geosiyasi rəqabət dövrü idisə, XXI əsr getdikcə kommunikasiyalar, logistika və geoiqtisadi marşrutlar uğrunda rəqabət dövrünə çevrilir.

Artıq dövlətlər təkcə hərbi potensialla deyil, nəqliyyat dəhlizləri, dəniz limanları, dəmir yolu magistralları, enerji kəmərləri, rəqəmsal kabel xətləri, logistika mərkəzləri və qlobal təchizat zəncirləri vasitəsilə strateji üstünlük qazanmağa çalışırlar. Məhz Böyük Britaniyanın müasir xarici siyasəti də bu kontekstdə qiymətləndirilməlidir və bu yeni dövrü geosiyasətdən geoiqtisadiyyata keçid adlandıra bilərik”.

Yeganə Hacıyeva diqqətə çatdırıb ki, müasir beynəlxalq münasibətlər sistemi sürətlə geoiqtisadi rəqabət mərhələsinə daxil olur:
“Sanksiyalar, ixrac məhdudiyyətləri, enerji diplomatiyası, texnologiyalar üzərində nəzarət və kritik resurslar uğrunda mübarizə artıq ənənəvi hərbi güc qədər təsirli strateji alətlərə çevrilib. Bu isə o deməkdir ki, sabit enerji və nəqliyyat marşrutlarını təmin edən dövlətlər beynəlxalq təhlükəsizlik sistemində daha mühüm mövqe qazanırlar. “Brexit”dən sonra Böyük Britaniyanın Avrasiya məkanında strateji əhəmiyyət daşıyan regionlara marağının artması da məhz bu reallıqdan irəli gəlir”.

Elmir Mustafa

0