Rusiya-Ukrayna müharibəsində qalib kimdir?

DÜNYA
13:00 / 22.07.2026
200

“Rusiya-Ukrayna cəbhəsində döyüşlər strateji məqsədlər baxımından zəifləyərək daha çox taktiki üstünlük qazanmağa yönəlib”.

Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, 4 ildən artıq bir dövrü əhatə edən bu müharibə artıq beynəlxalq siyasətin mühüm atributuna çevrilib:


“Əslində, dolayısı ilə iştirak edənlərin sayına görə bu savaş dünya müharibəsidir. Hətta “dolayısı” fikri də şübhəli yanaşmadır. Ona görə ki, müasir müharibələrdə insan amili intellekt rolunu oynayır, bilavasitə döyüş meydanında qarşılaşan və məhv edilən texniki vasitələrdir.

Amma hər bir halda canlı qüvvə itkisi dəhşətli dərəcədə çoxdur və bu amil müasir düşüncə tərzi ilə tərs-mütənasibdir. Çox tez-tez atəşkəsdən, sülhdən danışan vasitəçilər meydana çıxır, ancaq təşəbbüslər hər hansı effekt vermir”.

Ekspert qeyd edib ki, əgər tərəflərin canlı qüvvə və texnika sarıdan itkilərini müqayisə etsək, Rusiyanın daha çox geri düşdüyü barədə düşünməli olarıq:
“Ona görə ki, o, hücum edən tərəfdir. Düzdür, hələ ki, müharibədə kimin qalib gəldiyi barədə nə indi, nə də gələcəkdə danışmaq tamamilə faydasızdır. Çünki Ukraynanın Rusiya tərəfdən işğal edilmiş 116.165 kv.km ərazisi aktiv döyüş zonasıdır. Mütəxəssislərin hesablamalarına görə, bir günlük aktiv döyüş Ukraynaya 172-450 milyon dollara, Rusiyaya isə 300-500 milyon dollara başa gəlir. 


İndiyədək bu müharibə qlobal iqtisadiyyata 1.3 trilyon dollar zərər vurub. Havaya sovrulan bu milyardlara dağıdılmış, viran qoyulmuş şəhər və kəndləri, infrastrukturu da əlavə etsək itkilərin miqdarını təsəvvürə belə gətirmək mümkün olmaz. Belə bir acınacaqlı statistikada qalib axtarmağına dəyərmi?! Təbii ki, döyüşən tərəflər arasında yox”.

Lakin siyasi şərhçinin sözlərinə görə, döyüşən tərəflərə silah satıb varlananları, müharibə nəticəsində zəifləyən dövlətlərin beynəlxalq səhnədə yerini zəbt edənləri qalib qismində görmək olar:
“Düzdür, hazırda Ukrayna öz hərbi sənayesini müharibə konveyerinə xeyli dərəcədə uyğunlaşdırmağa nail olub. Hətta vaxtilə bəzi taktiki silahlartı yalvar-yapışla da olsa Qərbdən ala bilməsə də, indi özü həmin tipli silahları istehsal edir.

Bunun sayəsində cəbhədə müəyyən uğurlar qazanır, xüsusilə Rusiyaya enerji sahəsində güclü zərbələr vurur. Lakin Ukraynanın özü də ona yardım əlini uzadan ölkələr qarşısında yüksək səviyyədə borclu vəziyyətinə düşür. Buna görə onun da qalib qismində təqdim edilməsi mümkün deyil”.

Elmir Mustafa

0