Nə üçün internet yalanlarına inanırıq?

SOSİAL
12:50 / 20.07.2026
308

“Bəzi insanlar düşünürlər ki, internetdə hər yazılan doğrudur”.

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O təəssüflə bildirib ki, bu cümlə milyonlarla insanın şüuraltı düşüncə tərzinə çevrilib:


“Halbuki internet həqiqət anbarı deyil. O, sadəcə məlumat platformasıdır. Orada həm elm, həm də manipulyasiya var. İnternetdə həm fakt, həm də uydurma mövcuddur. Əslində, problem internetdə deyil. Problem ondadır ki, insanların çoxu eşitdiyi məlumatı yoxlamağa ehtiyac duymurlar. Çünki beynimiz həmişə asan olanı seçir. Araşdırmaq çətindir, düşünmək enerji tələb edir, fakt axtarmaq vaxt aparır”.

Ekspert qeyd edib ki, bir cümləyə inanmaq çox rahatdır: 
“Bir post minlərlə dəfə paylaşılıbsa, altına yüzlərlə “düz deyir” şərhi yazılıbsa, bir çox insanın beynində belə bir fikir yaranır: “Bu qədər adam səhv ola bilməz.” Halbuki tarix bizə dəfələrlə göstərib ki, bəzən milyonlarla insan eyni yalana inanıb. Yalanın bir üstünlüyü var. O, həqiqətdən daha emosional danışır. Sizi qorxudur, həyəcanlandırır, ümidləndirir, qəzəbləndirir”.

Psixoloq vurğulayıb ki, həqiqət isə çox vaxt sakit danışır:
“İnsan beyni də ilk növbədə hiss etdiyi emosiyaya reaksiya verir. Məhz buna görə emosional məlumatlar məntiqli məlumatlardan daha sürətli yayılır. Mən “hər yalana inanan insan zəifdir” deməzdim. Çünki hər birimiz həyatımızın hansısa dövründə yanlış məlumata inanmışıq. Amma bir insan hər gördüyünü sorğu-sual etmədən qəbul edirsə, fərqli fikri dinləmirsə, “niyə?” sualını vermirsə, artıq burada düşünmək lazımdır”.

Həmsöhbətimizin sözlərinə görə, psixoloji cəhətdən güclü insan hər deyilənə inanan insan deyil:
“Güclü insan eşitdiyi məlumatı öz beynindən keçirən insandır. O, paylaşmazdan əvvəl düşünür, inanmazdan əvvəl araşdırır, emosiyalarını faktların yerinə qoymur. Bu gün manipulyasiya etmək əvvəlki dövrlərdən daha asandır. 

Çünki insanların diqqətini yox, hisslərini idarə etmək kifayətdir. Kimsə sizi qorxuda, qəzəbləndirə və ya həddindən artıq ümidləndirə bilirsə, düşünmə qabiliyyətinizi də zəiflədə bilir. Elə buna görə də internetdə ən çox yayılan məlumatlar çox vaxt ən doğru olanlar yox, ən çox hiss oyadanlar olur. Bəzən insanı aldadan yalanın özü olmur. İnsan öz inanmaq istədiyi yalana inanır”.

Ülviyyə Ağazadə onu da əlavə edib ki, manipulyasiya həmişə yalandan başlamır:
“O, çox vaxt insanın duyğularını hədəf alaraq başlayır. Kim duyğularını idarə edə bilirsə, məlumatı da daha sağlam qiymətləndirə bilir. Bu gün informasiya bolluğu dövründə ən böyük üstünlük çox məlumat bilmək deyil. 

Ən böyük üstünlük doğru ilə yalanı ayırd edə bilməkdir. Çünki hər oxuduğumuz həqiqət deyil, hər paylaşım da etibarlı mənbə sayılmır. İnformasiyanın sürətlə yayıldığı bir dövrdə tənqidi düşüncə artıq sadəcə intellektual bacarıq deyil, psixoloji sağlamlığın da vacib hissəsidir”.

Pərviz

0