Yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı - FOTO

ÖLKƏ
10:34 / 22.07.2026
46

Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən liftlərin fəaliyyəti dayandırılıb.

Hit.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən paytaxtın Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən “Qayğı” MTK-ya məxsus yaşayış binasının 6 ədəd liftində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “Qayğı” MTK-nın qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı, həmçinin sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə MTK-nın hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub.

0