İnsana verilən ad onun şəxsiyyətini müşayiət edən ilk kimlik göstəricilərindən biri hesab olunur.
Ad seçimində ailələrin üstünlük verdiyi meyarlar müxtəlifdir. Kimisi milli-mədəni irsə bağlı qalmağa çalışır, kimisi dini dəyərləri əsas götürür, bəziləri isə övladına fərqli və yaddaqalan ad verməyə üstünlük verir.
Bununla yanaşı, son dövrlərdə cəmiyyətdə ənənəvi adlardan fərqlənən seçimlərə maraq da nəzərə çarpır. Bəzən elə adlara rast gəlinir ki, onlar həm öz qeyri-adiliyi, həm də mənşəyi baxımından geniş müzakirələrə səbəb olur.
Rəsmi məlumatlar da göstərir ki, son illərdə yeni doğulan uşaqlara xarici mənşəli, qədim dövrlərə aid və nadir istifadə olunan adların verilməsi halları əvvəlki dövrlərlə müqayisədə daha çox qeydə alınır.
Məlumat üçün bildirək ki, son 5 ildə Azərbaycan da yeni doğulan uşaqlara verilmiş qəribə adlar sırasında quş adları üstünlük təşkil edir. Bu sırada Şahin, Qumru və Turac öndə gedir. Ümumiyyətlə, bəzi valideynlər övladına qəribə, gülməli ad qoymağı hələ də davam edir.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, valideyn övladına ad yox, ömür boyu daşıyacağı bir kimlik hədiyyə edir:
“Bu kimlik uşağın yükünə çevrilməməli, əksinə ona güvən verməlidir. Uşağın ilk sosial vizit kartı onun adıdır. Vizit kartı nə qədər diqqət çəksə də, əgər sahibini narahat edirsə, artıq öz funksiyasını itirir. Yaxşı ad fərqlənən deyil, insanın onu rahatlıqla daşıya bildiyi addır.
Valideynlər ad seçərkən çox vaxt onun necə səsləndiyini düşünürlər, amma uşağın həmin adı hər gün eşidəcəyini və onunla özünü tanıdacağını nəzərə almırlar. Psixoloji baxımdan ad insanın özünüdərkinin ilk elementlərindən biridir”.
Ekspert qeyd edib ki, uşaq öz adı ilə rahat münasibət qura bilmədikdə, bəzən problem adın özündə deyil, həmin adın ətrafdakılarda yaratdığı reaksiyada olur:
“İnsan daim adını izah etməyə, zarafatlara cavab verməyə və ya onu gizlətməyə məcbur qalırsa, bu, kiçik görünən, amma uzunmüddətli emosional yorğunluq yarada bilər. Qəribə ad qoymaq cəsarət deyil.
Əsl cəsarət elə bir ad seçməkdir ki, uşaq onu böyüdükcə dəyişmək istəməsin. Əgər insan 18 yaşına çatanda ilk arzularından biri adını dəyişmək olursa, deməli, valideyn seçimi uşağın yox, öz ambisiyasının məhsulu olub”.
Günel Cəlilova



