Dəmdə çox qalan çaydan istifadə etmək təhlükəlidir? - Mütəxəssislə MÜSAHİBƏ 

ÖLKƏ
17:17 / 24.01.2024
585

"Çayın dəmlənməsinin üzərindən 7-8 saat keçdikdə tamamilə zəhərli maddələr ifraz edir". 

Bunu sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a müsahibəsində deyib. 

Müsahibəni təqdim edirik:

- Məhsəti xanım, Azərbaycanda insanlar çay içməyə vərdiş ediblər? 
- Bəli, Azərbaycanda və bir çox ölkədə qara çaydan istifadə vərdiş halını alıb. Çaydan çox istifadə edən insanlar onun tərkibindəki kafein vasitəsilə enerji alırlar. Hətta bəzi insanlar çay içmədikdə başları ağrayır, özlərini yorğun və halsız hiss edirlər. 

Xüsusilə adi qara çaydan istifadə etmək artıq vərdiş halını alıb. Bunu vərdiş halına gətirən insanların gün ərzində 3 stəkana qədər çay içməsi normal hesab olunur. 

Həmçinin, nanə və cökə çayından da istifadə etmək olar. Eyni zamanda, son dönəmlərdə yaşıl çay da geniş istifadə olunur. Əgər allergik reaksiya vermir, ishala və diareya səbəb olmursa, istifadə edə bilərsiniz.

- Yeməkdən dərhal sonra çay içmək olar? 
- Əsas diqqət edilməli məqam çayı hansı vaxt içməyimizdir. Ümumiyyətlə, çayın dərhal yeməkdən sonra içilməsi tövsiyə olunmur. Adətən belə istifadə olunduğu üçün həmin insanlar anemiyadan əziyyət çəkirlər. Çünki yeməkdən sonra mütəmadi olaraq çayın qəbulu insan orqanizmində həm vitamin və mineralların, həm də dəmir və kalsiumun sovrulmasının qarşısını alır. 

Ona görə də yeməkdən dərhal sonra çayın içilməsi qətiyyən tövsiyə olunmur. Lakin yeməkdən 35-40 dəqiqə sonra, hətta mümkündürsə 1 saat sonra çay içilməlidir. Bu zaman çay əhval-ruhiyyənin yüksəlməsinə, mərkəzi beyin sisteminin funksiyalarının yaxşılaşdırılmasına və yaddaşın güclənməsinə kömək edir. 

- Çayı necə saxlamaq lazımdır? 
- Çayın saxlama qaydası da olduqca əhəmiyyətlidir. Çayı qida üçün nəzərdə tutulmuş ağzı bağlı qabda, qaranlıq və rütubət olmayan yerdə saxlamaq lazımdır. 

- Bəs çayı dəmləyəndə nələrə diqqət etməliyik? 
- Çayın faydalarından yararlanmaq üçün dəmləmə qaydalarına da düzgün riayət olunmalıdır. Dəmləyərkən şüşə və çini qablardan istifadə edilməyə üstünlük verilməlidir. Su qaynadıqdan 4-5 dəqiqə sonra quru çayın üzərinə töküb 2 dəqiqədən 15 dəqiqəyə qədər saxlamaq olar. Təbii çay bir az gec dəm aldığına və az rəngli olduğuna görə keyfiyyətli sayılır. 

- Uzun müddət dəmdə qalmış çayı içməyin zərərləri var? 
- Yaxşı olar ki, uzun müddət, xüsusilə də yarım saatdan artıq dəmdə qalmış çaylardan istifadə olunmasın. Çünki çay uzun müddət dəmdə qalanda tərkibində bir çox maddələr yaranır. Bu maddələr isə insan orqanizmində həzm sisteminin pozulmasına və mədədə turşuluğun artmasına səbəb olur. 

Ona görə də uzun müddət əvvəl dəmlənmiş çaydan istifadə etməmək tövsiyə olunur. Nəzərə almaq lazımdır ki, çayın dəmlənməsinin üzərindən 7-8 saat keçdikdə tamamilə zəhərli maddələr ifraz edir. Bu da orqanizm üçün çox təhlükəli təsirlər göstərə bilər.

Pərviz

0