Elnarə Rzayeva bu paylaşıma görə cəzalandırıldı

ÖLKƏ
15:43 / 16.04.2024
197

Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub.

HİT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfət Nigarın şikayəti əsasında baş tutub.

Onlar Elnarə Rzayevanın "Instagram" səhifəsində klinika barəsində təhqir və böhtanlar yazdığını bildiriblər. Qeyd edilib ki, Elnarə Rzayeva sosial şəbəkədə "Laser Beauty Clinic" barəsində “Fikirlərinizi əsirgəməyin, bumeranq... Hər kəs bilməlidir ki, bütün etdiklərini, yaşatdıqlarını yaşamadan ölməyəcək insan. Bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi, bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim. Etmədikləri pislik qalmamışdı, heç vaxt qisasımı almadım, bunların səviyyəsinə düşmədim. Sadəcə illər öncə Allaha tapşırdım, bu da sonuç. Əminəm ki, pulla hamını həmişəki kimi satın ala bilmiyəcəklər, ən azı bu dəfə...” sözlərini yazıb.

Xüsusi ittiham qaydasında şikayət edən MMC-nin baş həkimi Rəna Soltanova və həkim kosmetoloqu Rüfət Nigar Elnarə Rzayevanın Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci (Təhqir və böhtan) maddələri ilə cəzalandırılmasını tələb ediblər.

Elnarə Rzayeva bildirib ki, onun status paylaşmasından əvvəl xalq artistinin gəlininin “LBC” estetik kosmetoloji klinikada uğursuz əməliyyat olunması barədə mediada xəbərlər yayılıb. Xəbər saytı tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, estetik klinika əməliyyat aparması üçün uyğun lisenziyaya malik deyil:

“Xəbər səhifələrində paylaşımların altında klinika və onun həkimləri barədə təhqir xarakterli neqativ yazılmış rəylər hələ də qalmaqdadır. Nədənsə klinikanın həkimləri mənim barəmdə məhkəməyə müraciət edib. Çünki mən işimdə uğur qazanmışam, onların əsas rəqibiyəm. Belə etməklə məni sarsıtmaq, psixoloji təzyiq edərək nüfuzdan salmağa çalışırlar. Bildirmək istəyirəm ki, həmin xəbər saytları daha geniş kütləyə malikdir və yayılmış məlumat əgər yanlışdırsa, bu xəbərin ictimaiyyətləşdiriməsi klinikanın nüfuzuna daha çox xələl gətirə bilər”.

Nərimanov Rayon Məhkəməsi kosmetoloq Elnarə Rzayevaya Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri üzrə bəraət verib. Lakin ona 148-ci, yəni təhqir maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzası verilib.

0