“Müharibələr təkcə insanları deyil, təbiəti də məhv edir” – Ekoloq

HƏRBİ
13:45 / 20.10.2026
190

Dünyanın müxtəlif bölgələrində davam edən müharibələr təkcə humanitar fəlakətlərə və iqtisadi itkilərə deyil, həm də ciddi ekoloji problemlərə səbəb olur. 

Hərbi əməliyyatlar zamanı istifadə edilən raketlər, ağır silahlar, baş verən partlayışlar və genişmiqyaslı yanğınlar ətraf mühitə böyük ziyan vurur. Atmosferə yayılan zərərli qazlar, torpaqların və su ehtiyatlarının çirklənməsi, meşələrin məhv edilməsi müharibələrin uzunmüddətli ekoloji fəsadlarını daha da ağırlaşdırır. Xüsusilə son illər hərbi əməliyyatların qlobal iqlim dəyişmələrinə təsiri beynəlxalq elmi müzakirələrdə diqqət çəkən məsələlərdən birinə çevrilib.

Bəs müharibələr və raket zərbələri qlobal istiləşməyə nə dərəcədə təsir göstərir və bu prosesin dünya ekologiyası üçün hansı təhlükələri var?

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Hit.az-a açıqlamasında deyib ki, müharibələr təkcə insan tələfatına, şəhər və kəndlərin dağıdılmasına deyil, həm də qlobal ekoloji tarazlığın ciddi şəkildə pozulmasına səbəb olur:


“Hərbi əməliyyatlar zamanı baş verən partlayışlar, yanğınlar, neft və kimyəvi maddələrin ətraf mühitə yayılması atmosferi, torpağı və su hövzələrini çirkləndirir. Xüsusilə sənaye müəssisələrinin, neft anbarlarının və enerji infrastrukturunun hədəfə alınması nəticəsində ətraf mühitə yayılan zəhərli maddələr insanların sağlamlığı və ekosistemlər üçün uzunmüddətli təhlükə yaradır. 

Hərbi texnikanın intensiv istifadəsi, yanacaq sərfiyyatı və dağıdılmış infrastrukturun sonradan bərpası böyük həcmdə istixana qazı emissiyalarına səbəb olaraq iqlim dəyişmələrini sürətləndirir. Meşələrin məhv edilməsi, torpaqların ağır metallarla və partlayıcı maddələrin qalıqları ilə çirklənməsi biomüxtəlifliyin azalmasına, bir sıra canlı növlərinin təbii yaşayış mühitindən məhrum olmasına gətirib çıxarır”. 

Ekoloq deyib ki, müharibələrin ən ağır ekoloji nəticələrindən biri də mina və partlamamış hərbi sursatların onilliklər ərzində torpaqlardan təhlükəsiz istifadəni məhdudlaşdırması, kənd təsərrüfatının və təbiətin bərpasını ləngitməsidir:
“Qarabağın işağlda olduğu 30 illik dövrdə ölkəmizin ətraf mühiti kifayət qədər çirkləndirilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində meşələrin məhv edilməsi, torpaqların deqradasiyası, su ehtiyatlarına vurulan zərər və mina çirklənməsi müharibələrin ekoloji fəsadlarının nə qədər ağır və uzunmüddətli olduğunu göstərir. 

Hesab edirəm ki, müharibələrin ekoloji nəticələri beynəlxalq səviyyədə müstəqil qiymətləndirilməli, ətraf mühitə vurulan zərərin aradan qaldırılması və ekosistemlərin bərpası münaqişədən sonrakı sülh və yenidənqurma prosesinin əsas prioritetlərindən birinə çevrilməlidir”.

E. Cəfərli hesab edir ki, raketlərin buraxılması və partlaması atmosferə müxtəlif zərərli maddələrin atılması ilə müşayiət olunur və müəyyən səviyyədə iqlim sisteminə təsir göstərir:
“Raket yanacağının yanması nəticəsində atmosferə karbon qazı, azot oksidləri, su buxarı, his hissəcikləri və yanacağın növündən asılı olaraq digər kimyəvi birləşmələr yayıla bilər. Xüsusilə yüksək hündürlüklərə qalxan raketlərin buraxdığı hissəciklər atmosferin yuxarı qatlarında radiasiya balansına və ozon təbəqəsinin kimyəvi proseslərinə təsir göstərə bilir.

Lakin elmi baxımdan düzgün olmazdı ki, qlobal iqlim dəyişmələrinin əsas səbəbi kimi raketlərin buraxılmasını göstərək, çünki bu prosesdə başlıca rol enerji, sənaye və nəqliyyat sektorlarından qaynaqlanan istixana qazı emissiyalarına məxsusdur. 

Hərbi münaqişələr zamanı raket zərbələrinin neft bazalarında, sənaye obyektlərində və meşə massivlərində törətdiyi yanğınlar isə əlavə istixana qazlarının və zəhərli maddələrin atmosferə yayılmasına səbəb olur. Bu baxımdan raketlərin ekoloji təsirini yalnız onların yanacağının yanması ilə deyil, həm də partlayışların yaratdığı dağıntılar, yanğınlar və sonrakı bərpa işləri ilə birlikdə qiymətləndirmək lazımdır”.

Elmir Mustafa

0