Bakıda narkotiklə saxlanılan türk bərbərə görə məşhur bəstəkar niyə dindirilib?

ÖLKƏ
12:14 / 19.06.2024
191

Bakıda hava limanında narkotiklə saxlanan türkiyəli bərbərin cinayət işinə görə məhkəmədə məşhur bəstəkar da dindirilib. 

Qaynarinfo-nun məlumatına görə, 1979-cu il təvəllüdlü, Türkiyədə məşhur qadın bərbəri kimi tanınan Özər adlı şəxs 19 iyul 2023-cü il tarixdə Heydər Əliyev adına Hava Limanında külli miqdarda narkotlik maddə ilə saxlanılıb. 

Belə ki, Özər 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qətranı kimi narkotik vasitələri, 3,202 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi və tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan külli miqdarda 28 həb "Lyrica 150 mg” və 28 həb "Lyrica 300 mg” kapsullarını əldə edib, onları malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 5 qaba və 1 qutuya yerləşdirərək özünə məxsus çamadanda AZAL-ın Bakı-İstanbul reysi ilə Bakıya gətirib. Onun çantalarına baxış zamanı sözügedən narkotik vasitələr aşkarlanıb. 

Özər məhkəmədə ifadəsində deyib ki, öz sahəsi üzrə təlim keçmək üçün indiyədək Bakıya 4 dəfə gəlib. Sonuncu gəlişinin məqsədi Tural Abbasov adlı tanışı ilə Bakıda qadın gözəllik mərkəzi açmaq olub. Hadisən bir neçə gün əvvəl Tural Abbasov özü də İstanbulda olub. 

Tural Bakıya qayıdanda yüklərinin çox olduğunu əsas gətirərək çantasını Özərin gətirməsini istəyib. Özərin dediyinə görə, Tural sözügedən narkotik vasitələri dərman preaparatı adı ilə Bakıda xəstə anası üçün aparmasını ondan xahiş edib. 

Türk bərbər Bakıya gələndə Tural  dövlət qurumlarının birində vəzifədə işləyən tanışının BMW markalı avtomobili ilə hava limanına gedib. Özər hava limanında Turala zəng edərək saxlanıldığını deyib. Bundan sonra Tural sözügedən vəzifəli şəxslə Mərdəkandakı evinə qayıdıb. Həmin gündən sonra Tural Abbasov axtarışa verilib, vəzifəli şəxs isə məhkəmədə dindirilib. 

Məhkəmədə ifadə verənlərdən biri də "Umid rəqsi", " Səs", "Yelləncək" mahnılarının bəstəkarı Tərlan Məmmədhüseynovdur. Onun ifadəsinin alınmasına səbəb həm Özər, həm də Tural Abbasovla ortaq dostluqlarının olmasıdır. 

Tərlan Məmmədhüseynov ifadəsində deyib ki, Özərlə Tural Abbasovun vasitəsilə Bakı şəhərində tanış olublar. Təqsirləndirilən şəxslə İstanbul şəhərində də görüşüblər. Nə təqsirləndirilən şəxs, nə də Turalın narkotiklə əlaqəsi olması barədə məlumatı olmayıb, özü də bu hadisəyə təəcüblənib. O, Tural Abbasovu təxminən 15 ildir tanıdığnı deyib. 

Məhkəmənin qərar ilə Özər Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 12 il müddətinə azadlıqdan məhrum edilib.
 

0