Bu ölkə Azərbaycana uçuşları bərpa edir

21:09 / 23.02.2022
1199

“Özbəkistan Hava Yolları” Azərbaycana uçuşları bərpa edəcək.

Bu barədə “Trend” aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər verib.

“Azərbaycan və Özbəkistan arasında müntəzəm birbaşa aviareyslər bərpa edilir. “Özbəkistan Hava Yolları” aviaşirkəti koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış Bakı və Daşkənd aviareyslərini martın 8-dən bərpa etməyi planlaşdırır”, - mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan Daşkənd hava limanına və əks istiqamətdə xüsusi reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək.

Bu reyslər üçün bilet satışı “Uzbekistan Airways”in saytından həyata keçirilir. Biletləri aviaşirkətin akkreditə olunmuş agentlikləri və Azərbaycandakı nümayəndəliyindən də əldə etmək olar.

Pandemiya dövründə bu reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından yerinə yetiriləcək. Yalnız mövcud epidemioloji məhdudiyyətlər altında uçuşa icazə verilən kateqoriyadan olan sərnişinlərə səyahət izni veriləcək.

0