Həkim qəhvənin təhlükəsiz gündəlik dozasını açıqladı

SAĞLAMLIQ
17:00 / 30.05.2026
42

Qəhvə ürək sağlamlığına zərər vermir, əgər gündə üç fincandan artıq içilmirsə.

HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya nevroloq, tibb elmləri namizədi Yekaterina Demyanovskaya danışıb.

Mütəxəssisin sözlərinə görə, bəzi insanlarda bir fincan qəhvədən sonra arterial təzyiq 5–10 mm civə sütunu arta bilər. Lakin bu təsir əsasən qəhvəni nizamsız qəbul edən şəxslərdə müşahidə olunur. Gündəlik və az miqdarda qəhvə içildikdə orqanizmdə müəyyən tolerantlıq yaranır və damarlar təzyiq artımına əvvəlki kimi reaksiya vermir. Nəticədə sabit hipertoniyanın yaranma riski artmır.

Aritmiyalara gəldikdə isə geniş müşahidə tədqiqatları göstərib ki, qəhvənin mülayim qəbulu ritm pozğunluğu riskini artırmır, bəzi hallarda isə qulaqcıq fibrilasiyası riskinin bir qədər azalması ilə əlaqələndirilir. Bununla belə, kofeinə həssaslığı yüksək olan və ya artıq mövcud aritmiyası olan insanlarda qəhvə fərdi tətikləyici amil ola bilər.

Ekspert bildirir ki, böyüklər üçün kofeinin təhlükəsiz gündəlik dozası 400 mq-a qədərdir ki, bu da 3–5 fincan filtr qəhvə və ya espressoya bərabərdir. Hamilə qadınlar üçün bu göstərici 200 mq-dan çox olmamalıdır. Lakin təhlükəsiz doza fərdi xüsusiyyətlərdən, ürək-damar xəstəliklərinin mövcudluğundan və qəbul edilən dərmanlardan asılıdır.

Mütəxəssis qeyd edib ki, CYP1A2 geninin “yavaş” variantına sahib insanlarda kofein 2–3 dəfə daha gec orqanizmdən xaric olur və bu şəxslər daha çox ürəkdöyünmə və narahatlıq hiss edirlər. Həddindən artıq qəbulu göstərən əlamətlərə tremor, yuxusuzluq, baş ağrısı və ürəkbulanma daxildir.

İsti havalarda gündəlik qəhvə vərdişinə yenidən baxmaq tövsiyə olunur. Demyanovskayanın sözlərinə görə, yüksək temperaturda orqanizm artıq əlavə yüklə işləyir, kofein isə yüngül sidikqovucu təsir göstərərək susuzlaşma riskini artıra bilər. Bu səbəbdən hər fincan qəhvə ilə əlavə bir stəkan su içmək, isti qəhvədən imtina etmək və gündə 1–2 fincanla kifayətlənmək daha məqsədəuyğundur.

Qəhvə nəzarətsiz arterial hiperteniyası, qeyri-stabil stenokardiyası və kəskinləşmə mərhələsində olan digər ürək-damar xəstəlikləri olan şəxslərə tövsiyə edilmir. Həmçinin qalxanabənzər vəz hormonlarının artıqlığı ilə müşayiət olunan hipertireoz zamanı da qəhvə narahatlıq yarada bilər.

Samir

0