Alabalıq sağlam və balanslı qidalanma üçün faydalı balıq növlərindən biri hesab olunur. Tərkibindəki omeqa-3 yağ turşuları, keyfiyyətli zülal, vitamin və minerallar ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir, əzələ kütləsinin qorunmasına və beynin normal işləməsinə kömək edir.
HİT.az-ın məlumatına görə, bu barədə "La Nacion" nəşri yazıb.
Dietoloq Patrisiya Mariela Çavesin sözlərinə görə, alabalıq ürək sağlamlığı üçün əhəmiyyətli qidalardan biridir. Onun tərkibində olan EPA və DHA omeqa-3 yağ turşuları qan damarlarının normal fəaliyyətinə kömək edir və qanda triqliseridlərin sağlam səviyyədə saxlanmasına müsbət təsir göstərə bilər.
Araşdırmalar müntəzəm balıq istehlakının ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqəli olduğunu göstərir. Omeqa-3 yağ turşuları beyin və sinir sisteminin fəaliyyəti üçün də vacibdir. Bəzi tədqiqatlarda daha çox balıq qəbulunun koqnitiv pozuntular və demensiya riskinin aşağı olması ilə əlaqəsi müəyyən edilib.
Alabalığın digər üstünlüyü yüksək bioloji dəyərə malik zülalla zəngin olmasıdır. Bu zülal orqanizmi əvəzolunmaz amin turşuları ilə təmin edir və əzələ kütləsinin qorunmasına kömək edir. Dietoloq xüsusilə yaşlı insanlarda bunun əhəmiyyətini vurğulayır.
Balığın tərkibində selenium, fosfor, B12 və B6 vitaminləri, niasin və D vitamini də var. D vitamini kalsiumun mənimsənilməsinə, fosforla birlikdə sümüklərin və dişlərin möhkəmliyinə kömək edir. Selenium immun sisteminin normal fəaliyyətində iştirak edir, B qrupu vitaminləri isə maddələr mübadiləsi və sinir sistemi üçün vacibdir.
Mütəxəssislər bildirirlər ki, süni şəraitdə yetişdirilən alabalıq da faydalı xüsusiyyətlərinin böyük hissəsini qoruyur. Bununla belə, onun yağ və omeqa-3 tərkibi balığın yemindən, yaşından, ölçüsündən və yetişdirilmə şəraitindən asılı olaraq dəyişə bilər.
Alabalığın diqqətçəkən üstünlüklərindən biri də tərkibində civənin az olmasıdır. Bu səbəbdən o, civə miqdarı yüksək olan iri yırtıcı balıqlarla müqayisədə daha münasib seçim sayılır.
Balıq uşaqlar və yaşlı insanlar üçün də uyğun hesab olunur. Lakin uşaqlara verərkən sümüklərin tam təmizlənməsinə və balığın yaxşı bişirilməsinə xüsusi diqqət yetirilməlidir.
Mütəxəssislər alabalıq alarkən ətinin elastik olmasına və xoşagəlməz qoxusunun olmamasına diqqət yetirməyi tövsiyə edirlər. Təzə balıq soyuducuda 4 dərəcədən yüksək olmayan temperaturda saxlanmalı və 1-2 gün ərzində istifadə edilməlidir. Daha uzun müddət saxlamaq planlaşdırılırsa, balığın dondurulması məsləhət görülür.
Samir


