Ağrı bədənin ən mühüm xəbərdarlıq siqnallarından biri hesab olunur. Hər ağrı sadə səbəblərlə bağlı olmaya bilər və bəzi hallarda ciddi xəstəliklərin ilk əlaməti ola bilər. Mütəxəssislər ağrının müddəti və şiddətinin mütləq nəzərə alınmalı olduğunu vurğulayır.
HİT.az xəbər verir ki, ağrı çox vaxt keçici və zərərsiz səbəblərdən yaransa da, bəzən ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilir. Xüsusilə qəfil başlayan, şiddətli və uzun müddət davam edən ağrılar bədənin verdiyi kritik siqnal kimi qiymətləndirilir. Bu səbəbdən ağrının növünü düzgün anlamaq və vaxtında müdaxilə etmək vacibdir.
Ağrı bədənin bizə göndərdiyi ən güclü siqnallardan biridir. Çox vaxt sadə səbəblərlə ortaya çıxsa da, bəzən ciddi xəstəliklərin ilkin əlaməti ola bilər.
Anesteziologiya və reanimasiya mütəxəssisi dos. dr. Savaş Çömlek bildirib ki, ağrı çox zaman əsas xəstəliyin erkən göstəricisi ola bilər:
“Erkən diaqnoz xüsusilə xərçəng, damar və sinir sistemi xəstəliklərində həyati əhəmiyyət daşıyır. Ağrı düşmən deyil, mesajdır. Əsas məsələ bu mesajı vaxtında düzgün oxumaqdır.”
Hansı ağrılar ciddi sayılmalıdır?
Bəzi hallarda ağrı gözləmədən həkimə müraciət tələb edir:
* qəfil başlayan və çox şiddətli ağrılar
* hərarət və ya səbəbi bilinməyən çəki itkisi ilə müşayiət olunan ağrılar
* nəfəs darlığı
* qol və ya ayaqlarda keyimə və güc itkisi
* huşun bulanması
* gecə yuxudan oyadan və keçməyən ağrılar
Bu əlamətlər ciddi bir problemin göstəricisi ola bilər.
3 aydan uzun sürən ağrılar
3 aydan çox davam edən ağrılar xroniki ağrı kimi qiymətləndirilir. Bu vəziyyətin arxasında sinir zədələnməsi, uzunmüddətli iltihab və ya psixoloji və sosial faktorlar dayana bilər.
Ağrı 1–2 həftə ərzində keçmirsə, artırsa və gündəlik həyatı məhdudlaşdırırsa, gecikdirmədən həkimə müraciət edilməlidir.
Müalicədə yeni yanaşmalar
Xroniki ağrılarda artıq müxtəlif müalicə üsulları tətbiq olunur. PRP və kök hüceyrə prosedurları toxuma bərpasını dəstəkləyə bilər.
Bəzi hallarda sinir blokadası və radiotezlik ablasiya kimi üsullarla ağrı siqnallarının ötürülməsi azaldılır. Lakin əsas yanaşma xəstəyə fərdi və kompleks müalicə planının hazırlanmasıdır.
Həyat tərzinin rolu
Ağrının qarşısının alınması və azaldılmasında gündəlik vərdişlər mühüm rol oynayır:
* həftədə bir neçə gün gəzinti, üzgüçülük, pilates və ya dartınma hərəkətləri
* düzgün oturuş və uzun müddət eyni vəziyyətdə qalmamaq
* tərəvəz, meyvə, tam taxıl və zülalla zəngin qidalanma
* 7–8 saat keyfiyyətli yuxu
* stressin idarə olunması və müntəzəm hərəkət
Qısacası, ağrı çox vaxt “dayan” siqnalıdır. Əsas məsələ onu vaxtında düzgün oxumaqdır.
Samir


