Ev şəraitində hazırlanan məhsulları almaq TƏHLÜKƏLİDİR?

SAĞLAMLIQ
15:00 / 17.06.2026
223

“Düzdür, ev şəraitində hazırlanan məhsullar çox dadlıdır. Ancaq dadlı olan məhsul hər zaman təhlükəsiz olmur”.

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ev şəraitində hazırlanan məhsullarda ilk növbədə sanitariya-gigiyena qaydalarına əməl etmək lazımdır:


“Şor, qatıq, süd, pendir kimi məhsullar ev şəraitində çiy və ya yarıbişmiş süddə formada hazırlana bilər. Yarıbişmiş formada hazırlanan südün hansı heyvandan alındığını isə bilmirik. Yəni həmin heyvanın sağlam və ya xəstə olması sual altında olur. 

Həmçinin, evdə hazırlanan süd məhsullarında salmonellan və listeriya ola bilər. Bu mikroorqanizmlərin də qalması, inkişaf etməsi heyvandan insana keçə biləcək xəstəliklərin şərait yaranmasına gətirib çıxarma ehtimalı var”.

Ekspert qeyd edib ki, burada əsas məsələ məhsulların hazırlamasında istifadə olunan qabların təmizliyinə riayət olunmasıdır: 
“Süd sağılan və süd doldurulan qabların təmiz olması mütləqdir. Eyni zamanda, həmin südün saxlanma şəraitinə də fikir vermək lazımdır. Hətta hazırlandıqdan sonra pendir duza qoyulanda da saxlanılma dərəcəsinə və şəraitinə düzgün əməl olunmalıdır. 
 
Əslində, hər zaman insanlara təbii qidalardan istifadə etməyi tövsiyə edirik. Çünki digər qidaların uzunömürlülüyünü və yararlılıq müddətini uzatmaq üçün tərkibinə müxtəlif qatqılar, stabilizatorlar, rəngləndiricilər, dadlandırıcılar əlavə olunur. Həmin bu əlavə olunan qida əlavələri də hər zaman insan üçün xeyirli olmur. Lakin ev şəraitində təbii formada, heç bir qatqısı olmadan, təbii mayalanma ilə hazırlanan məhsullar insan sağlamlığı üçün xeyirlidir”.

Ancaq həmsöhbətimiz diqqətə çatdırıb ki, evdə hazırlanan qidaların sanitar normalara uyğun olub-olmadığını bilmirik:
“Yəni həmin məhsulların hansı qablarda və necə şəraitdə hazırlandığı müəammalıdır. Üstəlik, ev şəraitində hazırlanan məhsulların üzərinə yararlılıq müddəti kimi detallar və markalanma olmur. Çünki belə məhsulları adətən tanıdığımız adamlardan alırıq. Yəni kiminsə evdə hazırladığı qatığı, pendiri, yağı və ya şoru alanda sanitar məsələ təhlükə olaraq qalır”.

İlkin Şirinov həmin təhlükədən də söz açıb: 
“Məsələn, pendir hazırlayanda südü bişirmirlər ki, daha sonra buxarlanaraq kütləsi azalmasın. Bəzən südü yarıbişmiş, ilıq formada istifadə edirlər.

Lakin süd ilıq formada olduğundan onun tərkibindəki heyvan mənşəli xəstəliklər insana keçə bilir. Bütün bunları nəzərə alanda ən yaxşı yol insanın öz məhsulunu evində hazırlamasıdır. Unutmayın ki, ən təhlükəsiz qida elə özününüz hazırladığıdır”.

Pərviz

0