Xərçəng riski ilə əlaqəli gözlənilməz zəhərli metal mənbəyi müəyyən edildi

SAĞLAMLIQ
12:00 / 18.06.2026
42

“Biological Trace Element Research (BTER)” jurnalında dərc olunan araşdırmaya əsasən, passiv siqaret çəkmə orqanizmdə kadmium adlı toksik ağır metalın toplanmasına səbəb ola bilər. 

HİT.az-ın məlumatına görə, alimlər bildirirlər ki, xüsusilə qadınlarda bu proses daha sürətli baş verir.

Araşdırma 5066 nəfərin məlumatları əsasında aparılıb. Onların arasında 1380 uşaq və yeniyetmə, 3686 isə yetkin insan olub. Tədqiqatçılar siqaret tüstüsünün təsirini qiymətləndirmək üçün nikotinin parçalanma məhsulu olan kotininin səviyyəsini, həmçinin iştirakçıların qan və sidiyində kadmiumun miqdarını ölçüblər.

Nəticələr göstərib ki, passiv siqaret tüstüsünə intensiv məruz qalan böyüklərdə qanda kadmium səviyyəsi siqaret tüstüsü ilə təmasda olmayan insanlarla müqayisədə təxminən 1,5 dəfə yüksək olub. Oxşar tendensiya uşaqlar və yeniyetmələr arasında da müşahidə edilib.

Tədqiqatın aparıcı müəllifi Nandita Sarker qeyd edib ki, siqaret tüstüsünün tərkibində kadmiumun olduğu əvvəllər məlum olsa da, passiv siqaret çəkmə ilə bu metalın orqanizmdə toplanması arasındakı əlaqə yetərincə öyrənilməmişdi.

Kadmium ətraf mühitin ən təhlükəli çirkləndiricilərindən biri hesab olunur. O, orqanizmdə onilliklər boyu toplanaraq çox yavaş xaric olur. Uzunmüddətli təsir böyrək zədələnməsi, sümük sıxlığının azalması, xroniki tənəffüs sistemi xəstəlikləri, həmçinin ağciyər, böyrək və prostat xərçəngi riskinin artması ilə əlaqələndirilir.

Əlavə analizlər göstərib ki, qadınlarda kadmium səviyyəsi kişilərlə müqayisədə daha yüksəkdir. Alimlər bunu qadın orqanizminin qida və ətraf mühitdən kadmiumu daha effektiv mənimsəməsi ilə izah edirlər.

Samir
 

0