Peşəkar futbolçuların karyeraları ərzində aldıqları təkrarlanan baş zədələri gələcəkdə demensiya və digər koqnitiv pozuntuların yaranma riskini artıra bilər. Araşdırma nəticəsində məlum olub ki, son 15 ildə vəfat etmiş keçmiş amerikalı futbolçuların təxminən 75 faizində xroniki travmatik ensefalopatiyanın (XTE) əlamətləri olub.
HİT.az xəbər verir ki, bu barədə NBC News Boston Universitetinin alimlərinin araşdırmasına istinadən məlumat yayıb.
Tədqiqatçılar 2008-2023-cü illərdə vəfat etmiş 2360 keçmiş Milli Futbol Liqası (NFL) oyunçusunun məlumatlarını təhlil ediblər. Araşdırmaya yaxınları tərəfindən elmi məqsədlə təqdim edilmiş 396 beyin nümunəsi də daxil edilib. İlkin təhlildə nümunələrin 93 faizində XTE əlamətləri aşkarlansa da, alimlər bu göstəricinin daha yüksək görünə biləcəyini nəzərə alıblar. Çünki yaddaş və digər koqnitiv problemlər yaşayan idmançıların ailələrinin beyin nümunələrini tədqiqata təqdim etməyə daha çox meyilli olduğu müəyyən edilib.
Statistik düzəlişlərdən sonra alimlər xəstəliyin keçmiş futbolçular arasında yayılma səviyyəsini təxminən 75 faiz qiymətləndiriblər. Bu isə araşdırmaya daxil edilən idmançılardan təxminən 1760 nəfərin XTE-dən əziyyət çəkmiş ola biləcəyini göstərir.
Alimlərin izahına görə, baş nahiyəsinə təkrarlanan zərbələr zamanı beyin kəllə daxilində hərəkət edərək mikrozədələr alır. Nəticədə beyin toxumalarında tau adlı zülalın patoloji yığılması baş verir. Bu proses sinir hüceyrələrinin fəaliyyətini poza və zamanla onların məhvinə səbəb ola bilər.
Xroniki travmatik ensefalopatiya yaddaşın zəifləməsi, depressiya, əhval-ruhiyyənin kəskin dəyişməsi və davranış pozuntuları ilə müşayiət oluna bilər. Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, beyində xəstəliyə xas dəyişikliklərin aşkarlanması mütləq şəkildə insanda klinik simptomların yaranacağı demək deyil. Belə ki, araşdırılan keçmiş futbolçuların təxminən 27 faizinə demensiya diaqnozu qoyulub.
Samir


