30 ilin gizlinləri yavaş-yavaş üzə çıxır

SİYASƏT
12:08 / 04.09.2020
4351

Yadınızdadırsa, ulu öndər Heydər Əliyev sonuncu müsahibələrinin birində Azərbaycanın daxilində, hətta dövlət rəhbərliyin ətrafında yer tutan məmurların arasında düşmənlərin olduğunu deyirdi. Görünür ki, müdrik, uzaqgörən siyasətçi və dövlət başçısı olan H.Əliyev o düşmənlərin kim olduğunu məhz o vaxt açıqlamasını zəruri hesab etmədi. Əminik ki, bunun da bir neçə səbəbi vardır. Təəssüf ki, o vaxt çoxumuz dövlət başçısının hansı incə siyasi tellərə toxunduğunu anlamadıq. Lakin hazırda baş verənləri nəzərə alsaq, “ətrafımda olanları da təmizləməyə başlasam...” dediyində kimləri nəzərdə tutduğunu asanlıqla başa düşmək olar.

Söhbət illər boyu Azərbaycan hakimiyyətində xərçəng şişi kök salan, pərdəarxası oyunlar, intriqalar hesabına dövləti, hakimiyyəti özlərinin və himayədarlarının istədiyi formaya salmağa çalışan məmurlardan gedir. Onların başında da “boz kardinal” ləqəbli, Prezidentin Administrasiyasının sadiq rəhbəri, hazırda isə AMEA-nın prezidenti vəzifəsində bloggerlik edən Ramiz Mehdiyev dayanırdı. 

Onun oyunları bitib-tükənmirdi. Həm "radikal müxalifət"i bəsləyir, onların üzərində və əli ilə qurduğu oyunlarla Azərbaycan-Qərb münasibətlərini korlamağa çalışır, digər tərəfdən də səlahiyyətlərindən sui-istifadə edərək hakimiyyətin ən yuxarı postlarından tutmuş, ən aşağı- kənd icra nümayəndələrinə qədər- bütün səviyyələrdə öz adamlarını yerləşdirib, təşkilatlanırdı.

Mövqeyinə təhlükə hiss edən kimi, bütün şəbəkəsini hərəkətə keçirərək, hakimiyyəti, dövləti təhdid edirdi. 

Xaricdəki "söyüş müxalifəti"nin də himayəçisi olması ilə bağlı mətbuatda fikirlər səklənirdi. Bu günlərdə isə bu mövzuda daha detallı məlumatlar ortaya çıxıb.

Məlum olub ki, xaricdə yaşayan Qurban Məmmədova Bakının mərkəzində  dəyəri milyonlarla ölçülən mənzillər və qeyri-yaşayış sahəsinin verilməsinin təşəbbüskarı da R.Mehdiyev və yaxın “silahdaşı” - Prezident Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovdur. 

Dəyəri milyonlarla ölçülən payın məhz hansı səbəblərə görə verilməsi də açıqlanıb: sən demə, uzun vaxtdır ki xaricdə sığınacaq tapan, vaxtilə Azərbaycan hökumətini sərt tənqid və şantaj edən bu şəxs əslində təlimatları birbaşa R.Mehdiyev və Ə.Həsənovdan alıbmış. Qurban Məmmədovun Əli Həsənovla həmkəndli və tələbə yoldaşı olması, vaxtilə  bir yerdə qalması və birgə məclislərdə iştirak etməsi ilə bağlı materiallar da mətbuatda dərc olunub.

Söhbət təkcə kiməsə əmlak hədiyyə etməkdən getmir. İnanırıq ki, bununla bağlı hüquq-mühafizə orqanları öz hüquqi rəyini bildirəcək. Söhbət matryoşka kimi yüzlərlə siması olan R.Mehdiyevin Azərbaycan hökuməti ətrafında necə bir şəbəkələşmiş xəyanət qrupu qurmasından və idarə etməsindən gedir. Bu şəbəkə istər ölkə daxilindən, istərsə xaricdən Azərbaycanın iqtisadi-siyasi uğurlarını, habelə ölkə rəhbərliyini, bir çox hallarda isə hətta ailə üzvlərini hədəfə alaraq, davamlı qarayaxma kampaniyaları aparıb, hakimiyyəti təhdid ediblər.

Bu bir fərziyyə deyil.

İnternetdə, sosial şəbəkələrdə, "Youtube"-da kiçik bir araşdırma aparmaq belə kifayyətdir ki, vacib dövlət tədbirləri öncəsi və sonrası, habelə aprel zəfəri və son Tovuz döyüşlərində bu şəbəkənin necə sistemli və koordinasiyalı şəkildə Azərbaycana, ölkə rəhbərliyinə qarşı fəaliyyət göstərdiyinin şahidi olasan.

Yoxsa heç bir uğuru, bilik və bacarığı, intellekti ilə seçilməyən, bir çoxunun hətta ən aşağı küçə leksikonuna sahib olduğu şəxslər necə "müstəqil blogger", "ekspert", "siyasi mühacir"ə çevrildilər? Onları bütün günü efirdən, himayə etdikləri medialardan təbliğ edən, adlarını çəkib məqsədli şəkildə məşhurlaşdıran bəs kimlər idi? Küçə və kriminal jargonun daşıyıcılarını "siyasi mühacir" və "xaricdəki əsas müxalifət" statusu qazandırmaqda məqsəd nə idi?

Misal üçün, Orxan Ağayev, Qabil Məmmədov, Məhəmməd Mirzəli, Manaf Cəlilzadə, Arif Məmmədov, Cəsur Sümərinli, Həbib Abdullayev və s. 

"YouTube" video portalında və Facebook vasitəsi ilə xalqın içərisində çaşqınlığa və lazımsız təşvişə səbəb olan bu "marionetka"ların arxasında dayanan kuratorların əsas məqsədi – xalq arasında dövlətə, hakimiyyətə etibarı zədələyib, öz çirkin məqsədlərini həyata keçirmək idi.

Bunun isə bir adı var - Xəyanət! Həm də Dövlət xəyanəti!

Prezident İlham Əliyev isə dövlətçilik məsələlərində heç vaxt xəyanəti bağışlamayıb və xəyanətkarlara güzəştə getməyib. Bütün həyatı "akademik xəyanətdən" ibarət olan “Akademik"in də yaxınlarda layiqli dərsini alacağından əminik!

0