“Ötən əsrin ikinci yarısında Kubada sovetlərin yardımı ilə baş vermiş siyasi dəyişiklikdən sonra bu ölkə ABŞ və SSRİ (indi isə Rusiya) arasında mübarizə obyektinə çevrilib”.
Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, SSRİ dağılandan sonra gözləmək Kubanın da Şərqi Avropa və postsovet ölkələri kimi müstəqil fəaliyyət göstərəcəyini gözləmək olardı:
“Lakin Kuba respublikasının himayədarsız müstəqil olması qeyri-mümkün görünür. Çünki ərazisinə, əhali sayına və iqtisadi inkişaf səviyyəsinə görə ətrafındakı ölkələrlə rəqabət apaqmaq onun üçün çox çətindir.
Buna görə də hər hansı hərbi-siyasi blokda təmsil olunmaq bu ölkə üçün çıxış yolu sayıla bilərdi. Təbii ki, Kuba uzun müddət ərzində Rusiya ilə yaranmış bağlantıları qıra bilməzdi. Buna Rusiya qətiyyətlə imkan verməzdi”.
Onun sözlərinə görə, Rusiya ABŞ-nin burnunun ucunda yaratdığı platformanı əldən verməklə dünyadakı əsas rəqibinə qarşı rəqabətdə çox şeyi uduzardı:
“Ancaq hazırkı beynəlxalq şəraitdə Rusiyanın mövqeyi bir çox regionlar üzrə xeyli zəifləyib. Bundan istifadə edən ABŞ Prezidenti Donald Tramp Rusiyanı öz sərhədlərindən uzaqlaşdırmaq üçün Kubanı hədəfə alıb və lazımı zərbəni endirmək üçün əlverişli məqam axtarışındadır.
2026-cı ildə ABŞ-nin Kubaya qarşı sərt ritorikasının arxasında Ağ Evin bildirdiyinə görə milli təhlükəsizlik prinsipi əsas meyar götürülür. Belə ki, ABŞ Administrasiyası Havananı özünün düşmənləri olan Çin, Rusiya və İranla yaxınlaşmaqda ittiham edir”.
Ekspert qeyd edib ki, ikinci səbəb kimi isə Kuba hökumətinin terrorizmi müdafiə etməsi və düşmən ölkələrə dəstək verməsi göstərilir:
“Ənənəvi olaraq insan hüquqları və siyasi repressiya Vaşinqtonun ittihamları sırasında yer alır. Bundan başqa, Tramp Administrasiyası miqrasiya şərtlərini sərtləşdirir və 2024-2026-cı illərdə Kubadan ABŞ-yə miqrasiya etmiş 850 mindən çox kubalı qaçqın onları narahat edir. Əslində Tramp Kubaya qarşı birinci prezidentlik mdövründən fəaliyyətə başlamışdı. Onun məqsədi müxtəlif təzyiq metodları ilə Kubada hakimiyyətin dəyişilməsinə nail olmaq idi. Bu proses indi də gündəmdədir. 2026-cı ildə ABŞ-nin Kubaya təzyiqi sürətlə artıb.
Tramp Kubaya neft satan ölkələrəvə Kuba hökuməti, onun təhlükəsizlik strukturları və onlarla əlaqəli şəxslərə qarşı maliyyə məhdudiyyətlərini genişləndirib. Nəticədə Kubanın iqtisadi vəziyyəti xeyli dərəcədə ağırlaşıb. Məsələn, 2026-cı ilin yanvar-iyul aylarında Kubaya beynəlxalq turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 62 faiz azalıb. Bu, ölkə üçün çox böyük maliyyə itkisi deməkdir”.
N. Novruzov diqqətə çatdırıb ki, hazırda Trampın Kubaya qarşı təzyiqi əsasən sanksiyalar, neft təchizatına təzyiq və diplomatik-iqtisadi təcrid formasındadır:
“Düzdür, ara-sıra ABŞ-nin bu ölkəyə hərbi müdaxilə edəcəyi barədə bəzi məlumatlar meydana atılır. Ancaq çətin ki, Amerika buna getsin, çünki sadəcə hərbi müdaxiləyə ehtiyac yoxdur, onsuz da Kuba təcrid vəziyyətində təzyiqlərə çətin davam gətirsin. Üstəlik, söhbət Kubanın birbaşa əsarət altına alınmasından yox, onun xarici düşmənlərin platforması olmaqdan qurtarmaqdır. Bu baş verərsə, Kuba böyük itkilərə məruz qalacaq, ABŞ isə rahat nəfəs alacaq”.
Elmir Mustafa



