Son günlərdə Rusiya ilə Polşa arasındakı gərginlik pik həddə çatıb.
Belə ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanı təhdid edib. Nazir hücum olacağı təqdirdə, Rusiyanı 6 həftə ərzində məğlub edəcəklərini deyib. Onu bu sözlərinə cavab gecikməyib.
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Nikolay Patruşev Polşanı xəritədən silməklə təhdid edib. O, hərbi toqquşma olacağı təqdirdə Polşanı 2-3 günə xəritədən silə biləcəklərini söyləyib. Bu isə iki ölkə arasındakı vəziyyəti daha da gərginləşdirib. Artıq Polşanın Ukrayna ilə sərhədə qoşun yığdığına dair xəbərlər də yayılıb.
Maraqlıdır, Polşa ilə Rusiya arasında hərbi toqquşma baş verə bilərmi?
Politoloq Oqtay Qasımov Hit.az-a açıqlamasında deyib ki, Rusiya və Polşa münasibətləri tarixən gərgin olub və bu ölkələr bir neçə dəfə müharibə aparıblar:
“Ümumiyyətlə, Polşa cəmiyyətində Rusiyaya qarşı reqativ münasibət formalaşmaqdadır. Xüsusilə də təxminən 15 il öncə Polşa rəhbərliyinin təyyarəsinin Rusiya ərazisində qəzaya uğraması bu münasibətlərin xarakterinə mənfi təsir göstərdi.
Hazırkı dönəmdə isə münasibətlərin gərginləşməsinin əsas səbəbi şübhəsiz ki, Rusiyanın Ukraynaya qarşı işğalçı savaşıdır. Belə ki, bu işğalçı savaşa qarşı Ukraynanı ən ciddi şəkildə dəstəkləyən ölkələrdən biri Polşadır. Məhz Ukraynaya logistik dəstəyin verilməsi Polşa üzərindən həyata keçirilir”.
Ekspert xatırladıb ki, keçən ilin sentyabrında da Rusiya tərəfindən Polşa ərazisinə dronlar buraxılmışdı:
“Polşa tərəfi bu dronları zərərsizləşdirmişdi. Son günlərin dramatik hadisələrindən biri Polşa-Ukrayna sərhədində, Yaqodin stansiyası yaxınlığında qatarın lokomotivinin vurulması bu münasibətləri gərginləşdirdi. Faktiki olaraq bu hadisənin baş verdiyi ərazi Polşa sərhədlərindən 3-4 kilometrlikdədir. Vaxtaşırı Polşa hava məkanında dronlar vasitəsilə pozuntuların qeydə alınması da bu münasibətləri gərginləşdirir.
Son olaraq, Polşanın xarici işlər naziri və Rusiya Prezidentinin köməkçisi Patruşevin açıqlamaları münasibətlərin kifayət qədər gərgin bir xarakter aldığını göstərir. Rusiya tərəfi bəyan edir ki, onlar 2-3 günə Polşanı xəritədən silə bilərlər. Bu, bir hədələyici ritorikadır. Çünki Rusiya Ukraynaya qarşı savaşa başlayanda da 3-4 günə Kiyevi alacağını və bütün Ukraynanı işğal edəcəyini bildirirdi. Amma aradan uzun vaxt keçməsinə baxmayaraq, Rusiya bu hədəflərindən çox uzaq görünür”.
Politoloq diqqətə çatdırıb ki, Polşa ordusu zəif deyil:
“Polşa xüsusilə də son illər Rusiya təhdidinə qarşı öz ordusunu gücləndirmək xətti həyata keçirir və ordunun döyüş qabiliyyəti artırılır. Üstəlik, Polşanın müqavimət imkanları da var. Nəzərə alsaq ki, Polşa həm də NATO-nun şərq cinahının əsas ölkələrindən biridir və bu ölkəyə hücum alyansa hücum deməkdir. Bunun da ciddi nəticələri olacağı bəllidir. Qısamüddətli və ya yakın perspektivdə tərəflər arasında hər hansı hərbi eskalasiyanın olacağını düşünmürəm.
Bu, sadəcə olaraq tərəflərin bir-birinə qarşı ritorik mesajlarıdır. Rusiyanın hazırkı şəraitdə Ukrayna ilə bərabər ikinci bir cəbhə açması real görünmür. Amma bir daha qeyd edim ki, ümumən götürdükdə tarixən Rusiya-Polşa münasibətləri gərgin olub. Keçən əsrin 1918-1921-ci illərində də Polşa və nolşevik Rusiyası arasında savaşın olduğu tarixdən məlumdur”.
Elmir Mustafa



