3 ölkəyə daha şəxsiyyət vəsiqəsi ilə gedə bilərik: “Turizmə töhfə verəcək”

TURİZM
13:30 / 17.09.2026
237

Tezliklə daha 3 ölkəyə sadəcə şəxsiyyət vəsiqəsi ilə gedə bilərik.

Söhbət Özbəkistan, Qazaxıstan və Qırğızıstandan gedir. Hazırda bununla bağlı hazırlıq işlərinin getdiyini açıqlanıb. Proses müsbət yekunlaşacağı təqdirdə, Türkiyə ilə birlikdə toplam 4 türk ölkəsinə xarici pasport olmadan gedib-gələ biləcəyik. Əlbəttə ki, bunun turizmə böyük töhfə verəcəyi proqnozlaşdırılır. 

Bununla bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev Hit.az-a açıqlama verib.

O bildirib ki, Azərbaycanla Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərin tətbiqi turizm əlaqələrinin inkişafına ciddi təkan verə bilər:
“Sərhəd keçid prosedurlarının sadələşdirilməsi insanların daha rahat səyahət etməsinə şərait yaradacaq. Xüsusilə qısa müddətli, həftəsonu və ailəvi səfərlərin sayında artım müşahidə oluna bilər.

Bu proses Azərbaycana Mərkəzi Asiyadan gələn turistlərin sayının artmasına və yeni turizm məhsullarının formalaşmasına imkan verə bilər. Eyni zamanda, Azərbaycan turizm şirkətləri üçün bu ölkələrin bazarlarında yeni əməkdaşlıq imkanları yaranacaq”.

Ekspert qeyd edib ki, aviadaşımaların, hotellərin, restoranların və digər turizm xidmətlərinin də bu prosesdən faydalanması mümkündür:
“Düşünürəm ki, bu addım Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında turizm əlaqələrinin daha da güclənməsinə və ortaq turizm marşrutlarının inkişafına mühüm töhfə verə bilər. Ən əsası isə, bu, Türk dünyasında insanlararası əlaqələrin və qarşılıqlı turist mübadiləsinin daha da genişlənməsinə xidmət edəcək”.

Pərviz

0