Azərbaycanda abortlarla bağlı açıqlanan son rəqəmlər mövzunu yenidən gündəmə gətirib.
2025-ci ildə ölkə üzrə 95 117 abort qeydə alınıb. Halbuki 2024-cü ildə bu göstərici 78 245, 2023-cü ildə 73 816, 2022-ci ildə 57 999, 2021-ci ildə isə 46 877 olub. Daha dəqiq desək, cəmi 5 il ərzində qeydə alınan abortların sayı iki dəfədən çox yüksəlib. Təkcə 2024-cü ildən 2025-ci ilə keçid də ciddi fərq göstərir: bir il ərzində abortların sayı 16 872 fakt artıb. Bu, təxminən 21,6 faizlik yüksəliş deməkdir.
Daha diqqətçəkən məqam isə abort və doğuş rəqəmlərinin bir-birinə çox yaxınlaşmasıdır. 2025-ci ildə Azərbaycanda 95 875 doğuş qeydə alınıb. Eyni il üçün 95 117 abort faktının göstərilməsi ailə planlaşdırılması və reproduktiv sağlamlıq mövzusunda daha geniş müzakirəyə ehtiyac olduğunu göstərir.
Bəs bu artımın arxasında nə dayanır?
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, abort qərarı adətən bir neçə amilin üst-üstə düşdüyü mürəkkəb vəziyyətin nəticəsidir:

“İqtisadi imkanlar, ailənin planlaşdırdığı uşaq sayı, kontrasepsiyadan istifadə, reproduktiv sağlamlıqla bağlı məlumatlılıq, ailədaxili münasibətlər və sosial təzyiqlər eyni anda rol oynaya bilər. Abort statistikasının arxasında yalnız tibbi məsələ dayanmır.
Bu rəqəmlər cəmiyyətdə reproduktiv sağlamlıq haqqında nə qədər açıq danışıldığını da düşündürür. Xüsusilə gənclərin hamiləlikdən qorunma üsulları, cinsi sağlamlıq, reproduktiv planlaşdırma və həkimə müraciət məsələlərində etibarlı məlumat əldə etməsi vacibdir. Bununla yanaşı, ailə özünü uşağın doğulmasına və onun sonrakı təminatına hazır hiss etmədikdə, hamiləliyin planlaşdırılmamış olması daha ciddi problemə çevrilə bilər”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, 2025-ci ilin statistikasında abortların yalnız çox gənc qadınlarla bağlı olmadığı görünür:
“Ən böyük göstəricilər 30-34 yaş qrupunda – 27 498, 25–29 yaş qrupunda – 26 329, 35 və yuxarı yaşda olan qadınlarda isə 22 811 fakt təşkil edib. Eyni zamanda 18-19 yaş qrupunda 3 178, 15-17 yaş qrupunda isə 66 abort qeydə alınıb. Bu rəqəmlər onu göstərir ki, abort məsələsini yalnız yeniyetmələrin və ya gənclərin problemi deyil.
Göstəricilərin böyük hissəsi reproduktiv yaşda olan yetkin qadınların payına düşür. Söhbət yalnız erkən yaşlarda maarifləndirmədən getmir. Evli və ailəli qadınların da ailə planlaşdırılması, doğuşlararası interval, kontrasepsiya və reproduktiv sağlamlıq xidmətlərinə çıxışı məsələsi də var”.
Sevinc

