Şəxsiyyət vəsiqəsində ana adı qeyd olunmalıdır?

SOSİAL
13:00 / 17.09.2026
164

Son günlər sosial şəbəkələrdə şəxsiyyət vəsiqələrində şəxsin ata adı ilə yanaşı ana adının da qeyd olunması məsələsi geniş müzakirə edilir. 

Xüsusilə övladını tək böyüdən analar bu təklifi dəstəkləyir və uşağın tərbiyəsi və təminatında əsas məsuliyyəti daşıdıqları halda, şəxsiyyət vəsiqəsində yalnız ata adının göstərilməsini ədalətsiz yanaşma kimi qiymətləndirirlər.

Maraqlıdır, şəxsiyyət vəsiqələrində ata adı ilə yanaşı ana adının da qeyd edilməsi ilə bağlı hər hansı dəyişiklik gözlənilirmi? Belə bir yeniliyin qanunvericiliyə daxil edilməsi mümkündürmü və bu addım hüquqi və sosial baxımdan nə dərəcədə əsaslı hesab olunur?

Hüquqşünas Əliməmməd Nuriyev Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan ad sistemində istifadə olunan ata adı ataya xüsusi hüquqi üstünlük verilməsi anlamına gəlmir:

410028

“Bu, daha çox tarixən formalaşmış patronimik ənənənin tərkib hissəsidir və şəxsin ad strukturunda ayrıca element kimi çıxış edir. Başqa sözlə, vəsiqədə ata adının qeyd olunması həmin şəxsin atasının hüquqlarının ayrıca təsdiqlənməsi məqsədi daşımır. Eyni qayda qadın və kişilərə münasibətdə də tətbiq edilir”.

Həmsöhbətimiz hesab edir ki, müasir şəxsiyyət vəsiqələrində valideynlərlə bağlı məlumatların saxlanılması üçün texniki imkan da mövcuddur:

“Belə ki, yeni nəsil vəsiqələrin elektron çipində həm ata, həm də ana barədə məlumatların yer alması mümkündür və bu məlumatlar sistemdə var. Fərq ondan ibarətdir ki, ənənəvi yanaşmaya əsasən, vəsiqənin görünən hissəsində ata adı şəxsin adının bir hissəsi kimi təqdim edilir. Beynəlxalq təcrübədə də bu məsələyə münasibət eyni deyil. Müxtəlif ölkələrdə şəxsiyyət sənədlərində valideyn məlumatlarının göstərilməsi ilə bağlı fərqli modellər tətbiq olunur. Bu səbəbdən, məsələyə yalnız müəyyən bir ölkənin təcrübəsini əsas götürərək yanaşmaq düzgün deyil”.

Ə.Nuriyev onu da əlavə edib ki, valideyn haqqında məlumatın şəxsiyyət vəsiqəsinin üzərində görünməsi zəruri sayılırsa, bu halda həm ana, həm də ata adının qeyd olunması variantı müzakirəyə çıxarıla bilər:

“Əks halda isə valideynlərlə bağlı məlumatların yalnız elektron informasiya sistemlərində saxlanılması mümkündür. Bu səbəbdən məsələni birbaşa gender bərabərliyinin pozulması kimi təqdim etməyə düzgün deyil. Ümumiyyətlə, gender  bərabərsizliyindən danışmaq üçün yalnız vəsiqədə ata adının olması kifayət etmir və bunun hüquqi baxımdan əsaslandırılması tələb olunur”.

Sevinc

0