Konservləşdirilmiş sardina sadə və gündəlik məhsul kimi görünsə də, tərkibində ürək-damar sistemi üçün faydalı qida maddələri var.
HİT.az xəbər verir ki, “Futura-Sciences” nəşrinin məlumatına görə, təxminən 100 qramlıq bir banka sardina uzun zəncirli “Omega-3” yağ turşuları olan EPA və DHA ilə zəngindir. Bu maddələr qanda triqliseridlərin səviyyəsinin azalmasına və ürək ritminin normal saxlanmasına kömək edə bilər.
Sardinanın digər üstünlüyü isə qida zəncirinin aşağı pillələrində yerləşən balıq olmasıdır. Buna görə iri dəniz yırtıcıları ilə müqayisədə onun orqanizmində ağır metalların və digər çirkləndiricilərin toplanması daha az olur.
Fransanın Milli Qidalanma və Sağlamlıq Proqramı (PNNS) və Qida, Ətraf Mühit və Əməyin Təhlükəsizliyi Agentliyinin (ANSES) tövsiyələrinə əsasən, balıq həftədə iki dəfə, ən azı bir dəfə isə yağlı balıq formasında qəbul edilməlidir.
Məqalədə sağlam yetkin insanlar üçün həftədə 1-2 porsiya sardina qəbulunun uyğun seçim olduğu bildirilir. Bir banka sardinanın həftədə bir dəfə menyuya daxil edilməsi kifayət qədər praktik variant kimi göstərilir.
Sardinanı tərəvəzlərlə, tam taxıllı makaronla və ya müxtəlif salatlarla birlikdə qəbul etmək mümkündür. Mütəxəssislər konserv seçərkən duz miqdarına diqqət yetirməyi, suda və ya keyfiyyətli zeytun yağında saxlanılan məhsullara üstünlük verməyi tövsiyə edirlər.
Balıq növlərini növbələşdirmək də məsləhət görülür. Sardina ilə yanaşı, skumbriya, qızılbalıq və siyənək kimi yağlı balıqların da qida rasionuna daxil edilməsi müxtəlif qida maddələrinin qəbulunu təmin edə bilər.
Samir


