3 uşaqlı analara yeni güzəştlər olsa, doğum sayı artacaq?

SOSİAL
14:44 / 16.09.2026
49

Azərbaycanda doğum sayının azalması fonunda ailələrə dövlət dəstəyinin artırılması yenidən gündəmə gəlir. 

3 uşaqlı anaların çoxuşaqlı ana statusu alması, erkən pensiya hüququnun yaradılması və hər uşaq üçün aylıq 140 manat ödənilməsi kimi təkliflərin doğum göstəricilərinə təsiri isə müzakirə mövzusudur. Bəs bu cür sosial dəstək mexanizmləri ailələrin daha çox uşaq sahibi olmaq qərarına təsir edə bilərmi?

İqtisadçı ekspert Asif İbrahimov Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda doğum sayının azalması demoqrafik siyasətə daha sistemli yanaşmanı zəruri edən amillərdən biridir:

“Ailələrin uşaq sahibi olmaq qərarında iqtisadi faktorların çəkisi kifayət qədər böyükdür. Ailə planlaşdırılmasında, xüsusilə böyük şəhərlərdə, ailələr daha çox 2-3 uşaq sahibi olmağı planlaşdırırlar. Eyni zamanda, müasir dövrdə biruşaqlı ailələrin sayında da artım müşahidə olunur.
Bu baxımdan 3 uşaqlı anaların çoxuşaqlı ana statusuna daxil edilməsi, onlar üçün erkən pensiya imkanının yaradılması və hər uşaq üçün aylıq 140 manat məbləğində ödənişin tətbiqi müzakirə edilə biləcək konkret dəstək mexanizmlərindən biri hesab oluna bilər.

20-30 il əvvəl ailələrdə 6, 9, hətta 12 uşağın olması ilə bağlı nümunələrə daha çox rast gəlinirdi. Lakin zaman keçdikcə iqtisadi vəziyyətin dəyişməsi, insanların iqtisadi imkanlarının məhdudlaşması və uşağın saxlanılması ilə bağlı xərclərin artması ailələrin bu məsələyə daha ehtiyatlı yanaşmasına səbəb olur”.

409952

Ekspert qeyd edib ki, aylıq 140 manatlıq ödəniş ailələr üçün davamlı maliyyə dəstəyi yarada bilər:

“Belə bir mexanizm tətbiq olunarsa, 3 uşaqlı ailə üçün aylıq ödəniş 420 manat, illik isə 5040 manat təşkil edər. 4 uşaqlı ailə üçün bu məbləğ aylıq 680 manat, illik isə 8160 manat olar. Bu vəsait uşaqların saxlanılması ilə bağlı xərclərin müəyyən hissəsinin qarşılanmasına və ailə büdcəsinin yükünün azaldılmasına kömək edə bilər.

3 uşaqlı anaların çoxuşaqlı ana statusuna daxil edilməsi və erkən pensiya hüququnun verilməsi məsələsinə isə daha uzunmüddətli sosial təminat prizmasından yanaşmaq mümkündür. Burada söhbət yalnız maliyyə yardımından deyil, çoxuşaqlı ailənin formalaşması və uşaqların böyüdülməsi ilə bağlı sosial və iqtisadi məsuliyyətdən gedir.

Dövlət siyasəti bu məsuliyyətin müəyyən hissəsini sosial təminat mexanizmləri vasitəsilə ailələrlə bölüşə bilər. Bununla yanaşı, mənzil təminatı, uşaq bağçaları, məktəbəqədər təhsil, səhiyyə xidmətləri və anaların əmək bazarında iştirakını dəstəkləyən tədbirlər də paralel şəkildə gücləndirilməlidir”.

Onun sözlərinə görə, bu yanaşmalar yalnız ayrı-ayrı şəxslərin fərdi fikirlərinə əsaslanmır:

“Dünyanın müxtəlif ölkələrində ailələrin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və ailə planlaşdırılmasının dəstəklənməsi istiqamətində müxtəlif sosial təminat mexanizmləri tətbiq olunur. Təklif olunan dəyişikliklərin doğum sayını konkret olaraq neçə faiz artıracağını əvvəlcədən demək mümkün deyil. Nəticə bu dəstəyin ailələrin real xərcləri ilə müqayisədə nə qədər əhəmiyyətli olmasından və digər sosial tədbirlərlə necə tamamlanacağından asılı olacaq.

Bu baxımdan əsas göstərici yalnız doğulan uşaqların sayı olmamalıdır. Bir qadına düşən orta uşaq sayı, 2 uşaqlı ailələrin üçüncü uşağa keçid səviyyəsi, eləcə də 3 və daha çox uşaqlı ailələrin ümumi ailələr arasında payı ayrıca izlənilməlidir. Bu göstəricilərdə davamlı müsbət dəyişikliklər müşahidə olunarsa, tətbiq edilən ailə siyasətinin demoqrafik təsiri barədə daha əsaslı nəticələr əldə etmək mümkün olacaq”.

Mütəxəssis onu da vurğulayıb ki, bu məsələ uzun müddətdir gündəmdədir:

“Müxtəlif dövrlərdə müzakirəyə çıxarılsa da, sonradan diqqətdən kənarda qalıb. Bu baxımdan artıq təkliflərin praktikada necə işləyəcəyini görmək və nəticələrini izləmək vacibdir. Bununla belə, gənclərin ailə qurması və daha çox uşağa sahib olması yalnız sosial ödənişlərin mövcudluğundan asılı deyil. Belə ödənişlər, xüsusilə azyaşlı uşaqları olan və çoxuşaqlı ailələr üçün ciddi dəstək ola bilər. Uşaq qidalarının, uşaq bezlərinin və digər zəruri məhsulların qiymətlərinin yüksək olması ailələrin xərclərini artırır. Lakin beynəlxalq sosial standartlar baxımından məsələyə kompleks yanaşmaq lazımdır. Çoxuşaqlı ailələrin və qadınların sosial müdafiəsi, əmək bazarında iştirakı, məzuniyyət və pensiya hüquqları, məşğulluğun təmin edilməsi, mənzil, təhsil və səhiyyə imkanları ilə bağlı tədbirlər vahid sosial siyasətin tərkib hissəsi kimi həyata keçirilməlidir”.

Sevinc

0