“İnsanlar arasında geniş yayılan xəstəliklərdən biri də aqorafobiyadır”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu xəstəlik sadəcə “açıq yerdən qorxmaq” deyil:
“Əsas qorxu insanın panikaya düşəcəyi, özünü itirəcəyi, köməksiz qalacağı və həmin vəziyyətdən çıxa bilməyəcəyi düşüncəsidir. Buna görə insan zamanla metro, avtobus, alış-veriş mərkəzi, növbə, izdihamlı yerlər, tək küçəyə çıxmaq və hətta evdən uzaqlaşmaq kimi vəziyyətlərdən qaçmağa başlaya bilər. Çox vaxt proses panik atakla başlayır.
Məsələn, insan avtobusda ilk dəfə güclü panik simptomları yaşayır: ürəyi sürətlə döyünür, nəfəsi dəyişir, başı gicəllənir və ağlına “indi mənə nəsə olacaq” düşüncəsi gəlir. Sonra beyin həmin vəziyyəti təhlükə ilə əlaqələndirir. Növbəti dəfə avtobusa minəndə insan artıq “birdən yenə panik atak keçirərəm?” deyə narahat olur”.
Ekspert qeyd edib ki, narahatlıq bədən simptomlarını artırır, simptomlar isə qorxunu daha da gücləndirir:
“Nəticədə insan həmin yerdən qaçır və qısa müddətdə rahatlıq hiss edir. Lakin məhz bu qaçınma davranışı qorxunu uzun müddətdə daha da möhkəmləndirə bilər. Yaranmasında genetik meyllilik, yüksək narahatlıq həssaslığı, travmatik və ya güclü stresli hadisələr, əvvəlki panik təcrübələri və digər psixoloji faktorlar rol oynaya bilər. Yəni səbəb hər insanda eyni olmur. Aqorafobiya müalicə olunan bir vəziyyətdir. Ən effektiv yanaşmalardan biri koqnitiv-davranışçı terapiyadır”.
Psixoloq vurğulayıb ki, terapiyada insan əvvəlcə öz avtomatik düşüncələrini tanıyır:
“Burada panikaya düşsəm, nə edəcəyəm? Belə düşünürlər: “Ürəyim belə döyünsə, yıxılacağam. Heç kim mənə kömək edə bilməyəcək. Buradan qaça bilməsəm, məhv olaram”. Daha sonra bu düşüncələr yoxlanılır və insan öz qorxusundan qaçmaq əvəzinə, planlı və mərhələli şəkildə qorxduğu vəziyyətlərlə üzləşməyi öyrənir. Buna ekspozisiya terapiyası deyilir”.
Zəhra Zahidova sözlərini belə yekunlaşdırıb:
“Məsələn, əvvəlcə evin qarşısına tək çıxmaq, sonra qısa məsafə getmək, daha sonra mağazaya daxil olmaq və tədricən daha çətin situasiyalara keçmək mümkündür. Bu proses mütləq fərdi vəziyyətə uyğun və terapevtin rəhbərliyi ilə qurulmalıdır. Nəfəs və relaksasiya texnikaları da terapiyanı dəstəkləyə bilər. Bəzi hallarda psixiatr tərəfindən dərman müalicəsi də əlavə olunmalıdır”.
Pərviz



