SİYASƏT
08:55 / 07.05.2021
1737

Lavrov Bakıya çantasında Xankəndi ilə bağlı nə gətirir? - İrəvanda təşviş... 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfərindən sonra Moskvaya qayıtması və bir neçə gün sonra - mayın 10-da Bakıya gəlməsi erməniləri bərk narahat edib. Bu təşviş əsassız deyil və İrəvan yaxşı başa düşür ki, Azərbaycan tərəfi üç diversantı general Muradova təhvil verib Ermənistana qaytarmaqla heç də qarşılıqsız addım atmır. Bu nöqteyi-nəzərdən erməni tərəfində ciddi şəkildə narahatlıq hökm sürür ki, Lavrov Bakıya çantasında nə ilə gəlir, Xankəndi barədə hansı müzakirələr olacaq. 

“Yeni Müsavat”ın xəbərinə görə, səfər öncəsi Ermənistan qoşunlarının Qarabağdan çıxarılması xəbərləri, Azərbaycan Prezidentinin humanizm prinsipləri əsasında 3 diversantı azad etməsi erməniləri son dərəcə həyəcanlandırıb. Mümkündür ki, Lavrov məhz erməni qoşunlarının Qarabağdan çıxarılmasından, Ermənistanın Qarabağda hərbi varlığının başa çatmasından sonrakı dövrü müzakirə etmək üçün regiona gəlir. Ermənistan ordusunun Qarabağdan birdəfəlik rədd olmasından sonra Xankəndinin idarəçiliyinin müzakirəsi aktuallaşacaq.

Ona görə rus diplomatın səfəri və nəticələri proseslərin inkişafını müəyyənləşdirəcək amildir. Lavrovun İrəvana getdiyi gün “Hadrut erməniləri”nin Ermənistan Xarici İşlər Nazirliyinin önündə aksiya keçirməsi təsadüfi deyil. Ermənilər sülhməramlıların nəzarət etdiyi ərazilərə yox, məhz Hadruta qayıtmağı tələb edirlər. Eyni zamanda Lavrovla görüşdə Qazağın 7 kəndi də müzakirə mövzusu ola bilər.

Bu mənada Rusiya XİN başçısının Bakıya çamadanda nələrlə gəldiyi olduqca maraqlıdır. Xankəndindən erməni qoşunlarının çıxması İrəvan üçün ölümcül zərbə deməkdir.

Politoloq Tofiq Abbasovun sözlərinə görə  Lavrovun səfəri ermənilərlə bağlıdır. Onun fikrincə, Moskva üçtərəfli sazişin müddəalarını müəyyən edir, hansı tərəfin üzərinə nə düşür, hansı zaman çərçivəsində nəyi etməlidirlər və s. məsələləri aydınlaşdırır. T.Abbasovun sözlərinə görə, Azərbaycan üzərinə düşəni edir, burada problem yaradan, bəhanələrlə çıxış edən tərəf Ermənistandır: “O demək deyil ki, Ermənistanda öz funksiyalarını yerinə yetirən baş nazirlə xarici işlər nazirləri ayrı-ayrı motivləri dilə gətirirlər, məsələ budur ki, ölkədə sistemləşmiş baxış yoxdur. Ermənistanın baş naziri üçtərəfli bəyanatın altına imza qoyur, sonra ətrafı və aparıcı orqanlar Zəngəzur dəhlizi ilə bağlı danışırlar ki, belə öhdəlik götürməmişik, yalnız dəmir yolunun çəkilişinə icazə veririk. Bax, o zaman Rusiya üçün yeni dilemmalar çıxır”.

Siyasi ekspert hesab edir ki, Lavrovun səfəri Ermənistanla münasibətləri nizama salmaq, kommunikasiyaların təmin edilməsini reallaşdırmaqdan ibarətdir: “Yenə deyirəm, Azərbaycan tərəfdən bir ”əmma" yoxdur, müşkül varsa, Ermənistandandadır. Bu da Ermənistandakı seçkilərdən sonra bilinəcək. Rusiyanın fəallığına Fransa və ABŞ mane olurlar, Baxmayaraq ki, Rusiya onları məlumatlandırır, Türkiyə də var. Amma Paris və Vaşinqton qısqanclığını gizlətmir. Biz görürük ki, Fransadan ermənilərə dəstək dağıdıcı mahiyyət daşıyır. Paris yalan vədlərlə deyir ki, “öhdəlikləri həyata keçirməyə tələsməyin, biz sizə kömək edəcəyik”. Ona görə Lavrov erməni hakim qüvvələrlə bunları müzakirə etməlidir".
T.Abbasovun fikrincə, bu səfər həm də kəşfiyyat xarakteri daşıyır: “Seçkidən sonra hər şey aydınlaşacaq. Bir məqam da Baydenlə bağlıdır.  ABŞ prezidentinin Putinlə görüşü gündəmdədir. Bəzi mənbələr yazırlar ki, görüş yeri Bakı ola bilər. Gözlənilməz olsa, NATO və rus yüksək rütbəlilərin burada görüşünü xatırlamaq olar. Bu, ehtimal kimi görünür, amma Lavrovun Bakıda bu məsələni müzakirə etməsi istisna deyil”.

Qabil Hüseynlinin bildirdiyinə görə, Lavrov bölgəyə xeyli səfərlər edib, hər səfərindən sonra Azərbaycan xalqında acı təəssüratlar yaradıb: “Öz erməni kökündən irəli gələrək ermənipərəstliyini büruzə verir. Ermənilərin onun səfəri ilə bağı hay-küyü süni ajiotajdır. Çünki Lavrov onlar üçün çalışır. Onların müharibədəki məğlubiyyətdən sonra acılardan xilas olması üçün hərəkətlər edir. Bu siyasətdə Rusiya Fransa ilə birlikdə hərəkət edir”.

Q.Hüseynli hesab edir ki, məqsəd bu işdə bizə heç bir xeyri olmayan Minsk Qrupunu dövriyyəyə buraxmaq və Dağlıq Qarabağın “statusu”nu gündəmə gətirməkdir: “Bəzək üçün kommunikasiyaların açılması, Azərbaycan-Ermənistan arasında qonşuluq münasibəti qurmaq sözləri ilə pərdələsələr də, Moskva Parislə qol-qola hərəkət edir. Fransalı deputatlar deyirlər ki, ”erməni qardaşlarımız kimlərlə birgə yaşayır".  1 milyon insanı etnik təmizləməyə məruz qoyanda kor idiniz? Ona görə qondarma Qarabağ respublikanı dirçəltmək fikrini ortaya atıblar. Bu bölgə haqda heç bir tarixi məlumatlar oxumadan millətlər haqda hökm vermək fikrinə düşüblərsə, onlara bu imkanı verməyəcəyik. Fransa açıq surətdə deyir ki, Ermənistanı qorumaq lazımdır. Ermənistanı burada məhşər ayağına çəkən var?"

0