Putin devrilir? – ŞOK İDDİA

DÜNYA
11:00 / 06.05.2026
147

Son günlərdə Rusiya Prezidenti Vladimir Putinlə bağlı sürpriz bir iddia yayılıb.

Onun son aylarda sui-qəsd və çevriliş ehtimalından qorxduğu önə sürülür. Hətta təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırıldığı və Putinin sığınacaqda olduğu deyilir. Üstəlik, çevriliş planının başında isə Sergey Şoyqunun olduğuna dair xəbərlər tirajlanıb. Hələlik Kremldən məsələyə reaksiya verilməyib.

Maraqlıdır, Putinə qarşı həqiqətən belə bir təhlükə varmı?

Mövzu ilə bağlı politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında bildirib ki, Rusiyada hakimiyyət içindən Vladimir Putinin həyatına sui-qəsd hazırlıqlarının nə qədər real olduğunu qətiyyətlə iddia etmək mümkün deyil:


“Bunun üçün konkret informasiyalar lazımdır, həmin informasiyaların isə real olub-olmadığı yalnız xüsusi xidmət orqanlarına bəlli ola bilər. Putinin çevrəsində ona qarşı sui-qəsd hazırlıqları ilə bağlı ilkin məlumatlar Qərb ölkələrinin kəşfiyyat orqanlarının hesabatlarında yayılıb. 

İlk növbədə istisna etmək olmaz ki, Qərb kəşfiyyatı Putinin həyatına yaxın çevrəsindən sui-qəsd hazırlanması xəbərini konkret məqsədə ünvanlanmış bir dezinformasiya kimi də hazırlaya bilər. Yəni bu dezinformasiyanın yayılması sözsüz ki, Putinin öz yoldaşlarına, komanda üzvlərinə inamsızlığının və etimadsızlığının yaranmasına səbəb ola bilər”. 

Ekspert qeyd edib ki, belə bir ehtimalla həmin dezinformasiya məqsədli şəkildə yayıla bilər:
“Lakin əvvəllər də hər kəs ehtimal edirdi ki, Ukrayna müharibəsinin başlanması və uzanması Putinin çevrəsində ona qarşı əvvəlcə gizli müxalifətin, daha sonra isə hətta açıq hərbi müxalifətin yaranmasına gətirib çıxarda bilər. Mən Ukrayna müharibəsinin təxminən ikinci ilindən sonra böyük ehtimalla fərz edirdim ki, Putinin çevrəsində ona qarşı gizli və sonra isə açıq müxalifət ocaqları yaranacaq. 

Çünki bu müharibənin ədalətsiz və beynəlxalq hüquq normalarına uyğun gəlməyən müharibə olması gec-tez onun komandasını parçalamalıdır. Amma bunu edəcək adamın Sergey Şoyqunun olması o qədər də real görünmür. Düzdür, Şoyqu ilə Putinin arasında müəyyən qədər narazılıq elementləri var, amma Şoyqunun hələlik həmin fiqur olduğunu zənn etmirəm. Hazırda onun bütün ordu üzərində səlahiyyətləri belə yoxdur”.

Politoloq diqqətə çatdırıb ki, Şoyqunun artıq Rusiyanın hərbi güc strukturlarında birbaşa təsir göstərə biləcəyi rıçaqlar o qədər də çox deyil:
“Bu mənada düşünürəm ki, Şoyqu hələlik Putinə qarşı hərbi müxalifəti və yaxud da sui-qəsd cəhdini idarə edə biləcək fiqur deyil. Çünki onun bunun üçün yetərli səlahiyyətləri və orduya, silahlı qüvvələrə təsir rıçaqları yoxdur. Amma bu gün və sabah olmasa da, çox yaxın gələcəkdə Putinə qarşı komandada açıq müxalifətin və hətta hərbi müxalifətin yarana biləcəyi ehtimalı çox güclüdür. Ukraynada müharibə uzandıqca Putinin mövqeyi zəiflədiyi üçün komandanın içərisində müxtəlif separat yollar axtarışları güclənə bilər”.

Pərviz
 

0