Düşmənin öz başında çatlayan təxribatı - TƏHLİL

SİYASƏT
12:20 / 16.01.2022
1561

Ötən ilin sonlarında Azərbaycan və Ermənistan dövlət başçılarının Soçi və Brüssel görüşündən sonra iki ölkənin sərhədində erməni təxribatı səngimişdi. Lakin bir neçə gün əvvəl Ermənistan tərəfinin Kəlbəcər istiqamətində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub. Ermənilər bu addımı ilə Azərbaycanla əldə edilən razılaşmanı birtərəfli qaydada pozdu. Lakin Ermənistan törətdiyi təxribatın ikiqat cavabını aldı. Belə deyək, çanaq ermənilərin öz başında çatladı. Məsələ ilə bağlı artıq Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib və törədilən təxribatın məsuliyyətinin Ermənistanın üzərinə düşdüyü qeyd edib. Sərhəddə yenidən təxribat törədən Ermənistanın bu addımı nəyə hesablanıb?

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, ermənilərin sərhəddə təxribat törətməsinin iki səbəbi var: "Bunlardan birincisi odur ki, sərt qışın gəlməsi, havanın pis olması səbəbindən müəyyən logistik çətinliklərin baş verə biləcəyini güman edən düşmən, bu baxımdan bizim üçün ən çətin yerlərdən birində - Kəlbəcərdə növbəti, amma kəşfiyyat xarakterli təxribata əl ataraq vəziyyəti özü üçün dəqiqləşdirmək istəyib. Biz bir şəhid verdik. Şəhidimizin doğmalarına Allahdan səbir diləyirəm. Xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Düşmən isə özünün bildirdiyinə görə, 3 "zinvor”unu itirdi. Amma mümkündür ki, onların sayı daha çoxdur. Yəni ermənilər lazımi cavabı aldı və aydın oldu ki, Azərbaycan Ordusu yazda, yayda, payızda öz mövqelərini necə həssaslıqla qoruyurdusa, qarlı-boranlı günlərdə də o cür həssaslıqla və peşəkarlıqla qorumaq qüdrətindədir. Bunun üçün də hər cür ehtiyat var”.

S.Alıyev vurğulayıb ki, digər məsələ Ermənistan rəhbərliyində əvvəlkilərdən daha çox avantürist bir insanın olmasıdır: "Görünür, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xətti ilə Qazaxıstana qoşun yeridilməsində etdiyi "ayı xidməti”nin qarşılığında müəyyən dəstəyə ümid edərək bu təxribat üçün göstəriş verib. Amma o, Azərbaycan Prezidenti İlham Əliyevin Hadrutda verdiyi bəyanatı unutmamalıdır. Dövlət başçısı növbəti dəfə düşmənə və daha çox ona havadarlıq edənlərə çatdırdı ki, Azərbaycan təhlükəsizliyini, torpaq bütövlüyünü təhdid edən hər bir hərəkətin qarşısını alacaq, cavabını verəcək. Yəni lazım gəlsə, Ermənistanın ərazisində belə hazırlıq aparılan nöqtələri sıradan çıxaracağıq. Hər şey bu dərəcədə aydındır və cənab Prezident də artıq atdığı addımlarla bir neçə dəfə göstərib ki, erməni havadarlarının nə düşünməsindən asılı olmayaraq, Azərbaycanın milli maraqlarından, beynəlxalq normalardan söhbət gedirsə, heç nəyə baxmadan tərəddüdsüz və qəti hərəkət etməyi, eləcə də zəfər qazanmağı bacarır”. 

Politoloq Tofiq Zülfüqarov bildirib ki, Kəlbəcər istiqamətində ermənilərin törətdiyi təxribatla bağlı 2-3 versiya ola bilər: "Birincisi, həqiqətə yaxın olanı ondan ibarətdir ki, Ermənistanda 3-4 siyasi mərkəz var. Həmin mərkəzlər müxtəlif siyasi baxışları təbliğ edirlər və çalışırlar bunu həyata keçirsinlər. Ermənistan ordusuna da onların təsiri mövcuddur. O baxımdan, bu, orta və ya aşağı səviyyədə təşkil olunmuş təxribata oxşayır. Dəqiq deyə bilmərəm, amma məndə olan məlumata görə, Azərbaycan ordusunun postda dayanmış hərbiçisinə snayperdən atəş açılıb.  Eyni zamanda həmin ərazidə Azərbaycan və Ermənistan hərbi birləşmələrinin postları arasındakı məsafə 50-100 metrdir”.

Politoloqun sözlərinə görə, ikinci variant ondan ibarətdir ki, ermənilər istəyirlər ki, sərhədlərinə üçüncü ölkənin silahlı qüvvələrini gətirsinlər və bununla da özlərini sığortalasınlar: "Bununla bağlı ermənilərin çağırışları əvvəl Fransa ilə bağlı idi. Sonra belə çağırışları Rusiya ilə bağlı eşitmişik və sair. Qazaxıstan olaylarından sonra, bəlkə də, belə bir istək var ki, bu və ya digər şəkildə 3-cü qüvvəni cəlb etsinlər. Təbii, bəllidir ki, Azərbaycanın hərbi imkanları Ermənistandan qat-qat çoxdur. Qeyd etdiyim kimi, Ermənistan özünü sığortalamaq üçün belə təxribatlara əl atır”.

T.Zülfüqarov qeyd edib ki, digər tərəfdən, hazırda Kəlbəcərdə mövsümə uyğun olaraq sərt qış iqlimi var: "Azərbaycanın bu ərazidə bəzi kommunikasiya imkanları məhdud olur. Məhz bu vəziyyəti yoxlamaq üçün kəşfiyyat məqsədi ilə bu cür təxribatlar törədilir ki, Azərbaycanın real hərbi imkanları sınaqdan keçirilsin. Lakin Azərbaycanın seçdiyi metodika ilə onlara tutarlı cavab verilir. Bunu "İsrail metodikası” da adlandırmaq olar. Yəni təxribatlar zamanı bir itkiyə 3-4 qat artıq cavab verilir. Bu baxımdan, hesab edirəm ki, belə bir məqsəd var idisə, bu, əks nəticəyə gətirib çıxarıb. Artıq ermənilərə aydın olur ki, Azərbaycan ordusu istənilən yerdə istənilən zərbəni endirə bilər”.

0