Dünyanın ən güclü qardaşlığı: Azərbaycan - Türkiyə

SİYASƏT
14:01 / 25.09.2023
558

"Türkiyə-Azərbaycan münasibətlərinin bütün istiqamətlərində dinamik inkişaf və dərinləşmə var".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Aydın Quliyev deyib.

O bildirib ki, iki ölkənin ictimaiyyətləri səviyyəsində möhkəm bağlılıq mövcuddur:

"Azərbaycanla Türkiyənin rəsmi hakimiyyət strukturları arasında taktiki-strateji mənada müttəfiqlik, qardaşlıq və əməkdaşlıq əlaqələri var. Həmçinin, qeyri-hökumət təşkilatları və medialar səviyyəsində də sıx əlaqələrin olduğunu demək lazımdır. Bütün bunlar hər iki ölkənin münasibətlərinin dünyada analoq tanımayacaq səviyyədə olduğunu göstərir".

Ekspert vurğulayıb ki, son 30 ildə dünya və regional siyasətin dəyişilən bütün mərhələlərində Türkiyə-Azərbaycan münasibətlərində keyfiyyətcə yenilənən və inkişaf edən yeni hallar görürük:

334411

"Hər dəfə bütün mərhələlərdə həm Azərbaycan, həm də Türkiyə rəhbərliyinin iki ölkənin münasibətləri daha da inkişaf etdirmək istiqamətində yeni məzmunlu addımlarının və bəyanatlarının şahidi oluruq. 44 günlük Vətən müharibəsi Azərbaycan və Türkiyə qardaşlığının bariz nümunəsidir. Vətən müharibəsindən sonra ərazilərimizin bərpa olunmasında qardaş Türkiyənin dəstəyini yaxından hiss etdik.

Bu ilin əvvəlində isə Türkiyə zəlzələ fəlakəti ilə üz-üzə qalanda ilkin olaraq Azərbaycanın kömək əlini uzatması, eləcə də xalq və dövlət olaraq qardaş ölkənin yanında olmağımız olduqca mühüm idi. Azərbaycan zəlzələdən sonra Türkiyədə xilasetmə və bərpa işlərinin həyata keçməsi üçün bütün imkanlarını səfərbər etdi.

Vətən müharibəsindən sonra Azərbaycan dünyanın bəlli mərkəzləri tərəfindən hücumlara məruz qalanda Türkiyənin dövlət rəsmilərinin mötəbər tribunalarda ölkəmizi müdafiə etmələri ilə bağlı verdikləri bəyanatları eşitdik. Eynilə də Azərbaycan rəhbərliyinin zəlzələnin aradan qaldırılmasına həmrəylik əlaməti olaraq Türk Dövlətləri Təşkilatının zirvə görüşlərinin birinin Türkiyədə keçirilməsini təklif etməsi əsl qardaşlıq jesti idi".

Politoloq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftə BMT kürsüsündən Azərbaycana verdiyi dəstəyi də xatırladıb:

"BMT Təhlükəsizlik Şurasında ermənilərin müraciəti əsasında Qarabağla bağlı müzakirələrin keçirildiyi dəqiqələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan böyük dəstək gördük. Ərdoğanın BMT kürsüsündən 200-dən çox ölkə rəhbərliyinin qarşısında Azərbaycanın əsas məsələsi ilə bağlı mövqeyini birmənalı olaraq ifadə etməsi, Qarabağda artıq hər hansısa statusun olmayacağını və münaqişənin həll olduğuna dair bəyanatı böyük bir müttəfiqlik və qardaşlıq nümunəsidir. 

Ona görə də Azərbaycanla Türkiyə xalqlarının və dövlətlərinin münasibətiləri ilə bağlı hər hansısa bir narahatlıq yoxdur. Ola da bilməz. Əksinə, Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi hər an dostlarımıza yeni perspektivlər, düşmənlərimizə isə narahatlıqlar vəd edir".

Pərviz

0