Qürur duyulan Prezident

SİYASƏT
11:07 / 08.02.2024
271

Prezident seçkisi başa çatdı, xalq öz seçimini etdi.

Xalq cənab İlham Əliyevi növbəti dəfə Azərbaycan Prezidenti vəzifəsinə layiq gördü. Üstəlik, rekord səslə.

Hit.az vurğulayır ki, bu da gözlənilməz deyildi. Çünki İlham Əliyev tarixə Qarabağı işğaldan azad edən sərkərdə kimi keçib. Məhz onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Qarabağı tamamilə işğaldan azad edə bildik. Ali Baş Komandan İlham Əliyevin sayəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olundu. 

30 ildir xəyalını qurduğumuz Xankəndi, Şuşa, Laçın, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Xocavənd, Ağdərə, Cəbrayıl bu gün azaddırsa, həmin ərazilərimizdə səs verə biliriksə, bunun səbəbkarı da şübhəsiz ki, cənab İlham Əliyevdir.

Azərbaycan xalqı ona qələbə bəxş edən, torpaqlarını düşmən işğalından azad edən güclü liderə yenidən etimad göstərdi. Bu, həm də İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni uğurlar qazanacağına olan inamı göstərir. Çünki dövlət başçısımızın uğurlu daxili və xarici siyasəti özünün bəhrəsini verir. Buna görə də xalq bir daha onu seçdi. 

Bu seçim həm də ordu quruculuğuna verilən önəm üçün idi. Çünki Ali Baş Komandanın Azərbaycan Ordusunu yenidən formalaşdırması, onu dünyanın ən güclü texnikaları ilə təchiz etməsini də xüsusi qeyd etmək lazımdır. Cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz dünyanın ən güclü orduları sırasındadır. Daima ən müasir silahlar və hərbi texnikalarla təchiz edilən Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. 

Bu, 44 günlük Vətən müharibəsində bir daha sübut olundu. Ordumuzun gücünü bütün dünya qəbul etdi. Heç şübhəsiz ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun qüdrətlənməsi davam edəcək. 

Xalq bu seçimi etməklə İlham Əliyevin siyasət ustası olması faktoru da çox böyük rol oynadı. Çünki vətəndaşlar Azərbaycan Prezidentinin dünyada durmadan artan nüfuzunu və gücünü yaxşı görürlər. İlham Əliyev son illərdə Azərbaycanı dünyanın ən sürətlə güclənən və inkişaf edən ölkələrindən birinə çevrilib. Üstəlik, dövlət başçımızın cəsur və müstəqil xarici siyasəti də hər birimizi qürurlandırır. Azərbaycanın heç kimdən çəkinməməsi və haqlı mövqeyini diqtə etməsi İlham Əliyevin yürütdüyü doğru siyasətin təzahürüdür. 

Bu seçim həm də daxildəki sabitliyə və vətəndaşa verilən diqqət üçün idi. Hazırda region və dünya ölkələrinin hansı vəziyyətdə olduğunu hər birimiz çox gözəl görürük. Müharibələrin, iqtisadi tənəzzülərin olduğu belə çətin vəziyyətdə daxili sabitliyi qoruyub saxlamaq çox vacibdir. Prezident İlham Əliyev hər zaman sabitliyə və təhlükəsizliyə önəm verib. O, vətəndaşlarını qorumaq üçün bütün addımları atır. Biz bunu pandemiya dövründə də gördük. Ölkəmiz pandemiyanı ən az itki ilə keçirən ölkələrdən biri oldu. 

Həmçinin, pandemiyadan sonra iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrin başında da Azərbaycan gəlir. Bütün bunlar atılan addımların son dərəcə düşünülmüş və doğru olduğunun əyani sübutudur. Bundan əlavə, maaşların, pensiyaların və təqaüdlərin də mütəmadi şəkildə artığını xüsusi vurğulamaq lazımdır. Dövlət vətəndaşın mənfəəti üçün lazım olan hər şeyi edir. Təbii ki, vətəndaş da bunu dəyərləndirərək, ona hər zaman diqqət ayıran Prezidentlə yola davam etmək istəyir. 

Siyahını istənilən qədər uzatmaq mümkündür. Çünki cənab İlham Əliyev bütün sahələrə xüsusi diqqət ayırıb və bu da öz növbəsində inkişafa səbəb olub. Hər sahədə çalışan insanların İlham Əliyevə səs verməsinin də əsas səbəbi budur. 

Reallıq budur ki, İlham Əliyev xalqın sevgisini qazanmış əsl liderdir. Xalqına arxalanan liderin isə zəfərləri daimi və tükənməz olur. Biz İlham Əliyev kimi Prezidentimiz olduğu üçün qürur duyuruq. Onun yenidən seçilməsi isə hər birimizi sevinirdir. Qarşıdakı illərdə də dövlət başçımız tərəfindən yeni uğurların və zəfərlərin müjdəsinin veriləcəyinə inanırıq! Yaşasın İlham Əliyev! Yaşasın Azərbaycan! 

Pərviz

0