Azərbaycanla Ermənistan arasında yenidən müharibə ola bilər? \"Paşinyan buna cəsarət edə bilməz\"

17:17 / 22.02.2024
352

"Ermənilər təxribatlar törətməyə davam edəcəyi təqdirdə növbəti dəfə silahlar işə düşə bilər". 

Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib.

O hesab edir ki, sülh müqaviləsi imzalanana qədər Azərbaycan və Ermənistan arasında yenidən gərginlik ola bilər:

"Lakin böyük toqquşma və ya müharibə olma ehtimalı çox aşağıdır. Ona görə ki, Ermənistan Azərbaycan qarşısında 44 günlük Vətən müharibəsində və ötən ilin 19 sentyabr tarixindəki bir günlük antiterror əməliyyatları nəticəsində ağır məğlubiyyətə uğrayıb. Yəni bundan sonra Ermənistanın Azərbaycanla hərb meydanında qarşı-qarşıya gəlməyə cəsarət edəcəyini düşünmürəm. 

Fikrimcə, Ermənistan rəhbərliyi də Azərbaycanla növbəti müharibəyə girmə ehtimalını təhlil edərkən reallığı dərk edir. Çünki onlardan qat-qat güclü olan Azərbaycan Ordusu ilə hərbi qarşıdurmaya girmək onların sonunu gətirə biləcək addım olar. Ona görə də Ermənistan tərəfi Azərbaycanla hərbi qarşıdurmaya getməkdə maraqlı deyil". 

344350

Lakin ekspertin sözlərinə görə, kənar qüvvələrin təsiri ilə hərbi qarşıdurma ehtimalı yarana bilər:

"Buna səbəb Ermənistanda Azərbaycanla münasibətlərin gərginləşməsini istəyən revanşist qüvvələrin mövcudluğudur. Onlar daha çox Rusiyaya bağlı qüvvələrdir. Qərbə bağlı qüvvələr isə belə bir addımın atılması üçün rəsmi İrəvana təzyiq göstərməz. 

Çünki Qərb bilir ki, Ermənistanı daha bir təxribata yönləndirsələr, Azərbaycanın cavabı hədsiz dərəcədə ağır ola bilər. Bu isə Qərbin hakimiyyətə gətirdiyi Nikol Paşinyanın iqtidardan getməsinə səbəb olar. Bu da onlara heç cür sərf etmir". 

Elçin Abdullayev bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında gərginliyin davam etməsində maraqlıdır:

"Kreml Ermənistanla Azərbaycanı yenidən qarşı-qarşıya gətirərək, Ermənistanı məğlubiyyətə düçar etmək fikrindədir. Beləliklə də Paşinyanı tamamilə nüfuzdan salaraq, onu hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyə bilərlər. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistanın daxilindəki revanşist qüvvələri yeni təxribatlara hazırlaması mümkündür.

Bundan başqa, Rusiya Qarabağdan və Cənubi Qafqazdan çıxmaq istəmir. Əgər rus sülhməramlıları 2025-ci ildə Qarabağı tərk etsə, növbəti addım Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması ola bilər. Onsuz da Paşinyanın əsas hədəflərindən biri Kremlin ölkəsindəki dayaqlarını məhv etməkdir. 

Ona görə də Rusiya müxtəlif təxribatlarla Azərbaycanla Ermənistan arasında yenidən müharibə yaratmaq niyyətinin olması düşünülür. Hətta hesab edirəm ki, bu gün Azərbaycanla Ermənistan arasındakı istənilən xoşagəlməz hadisənin arxasında da məhz rəsmi Moskva dayanır". 

Pərviz

0