Keşiş Baqratın əsas məqsədi nədir? - "Lazımi dəstəyi aldıqdan sonra..."

SİYASƏT
10:30 / 22.05.2024
287

"Keşiş Baqrat Qalstanyanın indiki məqamda əsas məqsədi Ermənistanın Baş naziri Nikol Paşinyana alternativ olmaq və gələcək perspektivdə onu əvəzləməkdir".

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.

O, Ermənistandakı aksiyaların Tavuş bölgəsində başladığını diqqətə çatdırıb:

"Qazaxın 4 kəndi Azərbaycana qaytarılandan sonra keşiş Baqrat aksiyalara başladı, ardınca isə prosesləri genişləndirdi. Hətta daha sonra aksiyaları İrəvana qədər yansıda bildi. Beləliklə, onsuz da paytaxtda davam edən aksiyalarda liderlik funksiyasına yiyələnməyə başladı".

Ekspert bildirib ki, keşiş Baqrat Qalstanyanı Nikol Paşinyan qarşısında ciddi rəqib edən və onu özündən əvvəlki müxaliflərdən fərqləndirən dini kimliyidir:

350874

"Aksiyalar hər nə qədər Qazaxın kəndləri ilə bağlı başlasa da, pərdəarxasında Paşinyanın hakimiyyətdən getməsinə hesablanıb. Etirazlar zamanı da səsləndirilən şüarlar bu istiqamətdədir. Baqratın keşiş olması və erməni kilsəsinin dəstəyini alması onu ciddi aktor halına gətirib və Paşinyan qarşısında güclü edir".

Həmsöhbətimiz qeyd edib ki, erməni kilsəsi Ermənistan dövlətindən daha qədim və dərin sistemə sahibdir:

"Belə olduğu üçün də resursları daha çoxdur. Üstəlik, erməni cəmiyyəti dindar cəmiyyətdir. Ona görə də kilsənin sözünə etimad edirlər. Yəni xalqın hakimiyyətə gətirdiyi Paşinyanı yenə də inqilabla iqtidardan göndərmək olar. Lakin hələlik keşişin tərəfdarlarının sayı o qədər də çox deyil. Amma Baqrat da asanlıqla məğlub ediləcək biri deyil". 

Turan Rzayevin fikrincə, keşiş Baqratın tərəfdarları hər keçən gün artır:

"Üstəlik, təsir gücü də kifayət qədər çoxdur. Belə olan təqdirdə isə lazımi dəstəyi topladıqdan sonra Nikol Paşinyana qarşı ciddi aksiyaya başlaya bilər. Bu günə qədər olan aksiyalar isə güclü təzyiq göstərmək üçün kifayət deyil. Amma əsas ciddi aksiyalar gələcək perspektivdə ola bilər. O zaman keşiş Baqrat Paşinyanı devirmək üçün aksiyalarla başlayacaq". 

Pərviz

0