“Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş, potensialı kifayət qədər rəngarəng olan ölkədir. İqtisadi imkanlarımız, yerləşdiyimiz əlverişli coğrafi məkan qlobal dünya ilə əlaqələrimizin artmasında əhəmiyyətli rol oynayır. Bu barədə təkcə ölkəmizdə deyil, o cümlədən beynəlxalq agentliklərin hesabatlarında da qürurverici rəqəmlər qeyd edilməkdədir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra keçirilən ənənəvi Davos İqtisadi Forumuna davamlı olaraq dəvətlər alır. Bu il keçirilən Forumda 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın lideri “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında bir araya gəliblər. Prezident İlham Əliyevin ardıcıl olaraq iştirak etdiyi Davos İqtisadi Forumunda Azərbaycan qlobal gündəliyin formalaşmasında mühüm rol oynayır”.
Bu barədə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Hit.az-a deyib.
Deputat qeyd edib ki, ölkəmizin iqtisadi imkanları, perspektiv planlar barədə cənab Prezidentimiz Çin Xalq Respublikasının CGTN (China Global Television Network) telekanalına müsahibəsində də ətraflı məlumat verib: “Dövlətimizin başçısı CGTN telekanalına müsahibəsində bildirib ki, Azərbaycan qlobal dəhlizlərin kəsişdiyi regionda yerləşir, genişmiqyaslı layihələrə imza atır və Cənubi Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaş kimi bütün dünyada təqdir edilir. Ölkəmizdə güclü, özünü təmin edən iqtisadiyyat qurulub. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə edərək uğurlar qazanmışıq. Cəmiyyətimizdə sabitlik, birlik olduğu üçün maraqlarımızı müdafiə edə bilirik. Son illərdə ən mühüm nailiyyət kimi ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpası olunub. Azərbaycan bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirib. Ədaləti bərpa etmək üçün bütün səylər səfərbər edilib. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var”.
Sevinc