Psixoloqlar açıqladı: Münasibət qurmağa mane olan 5 davranış

MARAQLI
21:35 / 15.09.2026
42

Emosional intellekt insanın həm öz hisslərini, həm də qarşısındakı şəxsin emosiyalarını anlamaq və düzgün idarə etmək bacarığıdır. Psixoloqlar aşağı emosional intellektin münasibətlərə və gündəlik ünsiyyətə ciddi təsir göstərə biləcəyini bildirirlər.

HİT.az xəbər verir ki, WP Kobieta-nın yazdığına görə, aşağı emosional intellektin bir sıra xarakterik əlamətləri var.

Birinci əlamət impulsiv reaksiyalardır. Belə insanlar hətta kiçik anlaşılmazlıqlara qarşı kəskin reaksiya verə, tez qəzəblənə və ya dərhal müdafiə mövqeyinə keçə bilirlər. Bu isə problemin sakit şəkildə müzakirə olunmasına mane olur.

İkinci xüsusiyyət söhbətdə yalnız özünə fokuslanmaqdır. Qarşı tərəf öz hisslərini və problemlərini danışarkən belə insanlar mövzunu tez-tez dəyişərək söhbəti öz təcrübələrinə yönəldirlər. Onlar dinləməkdə və başqalarının emosional vəziyyətini anlamaqda çətinlik çəkirlər.

Üçüncü əlamət şəxsi sərhədlərə hörmət etməməkdir. Buraya yersiz suallar vermək, istənilməyən məsləhətlər vermək və qarşı tərəfin narahatlığını ciddiyə almamaq daxildir. Söylədikləri sözlərə görə insanın incidiyini gördükdə isə bunu "zarafat" adlandıraraq məsuliyyətdən yayınmağa çalışa bilirlər.

Dördüncü davranış öz səhvlərinə görə məsuliyyət daşımamaqdır. Aşağı emosional intellektə malik insanlar münaqişə və uğursuzluqlarda günahı çox vaxt tərəf müqabilinin, həmkarının və ya başqa amillərin üzərinə atırlar. Öz davranışlarını təhlil etməmələri isə eyni problemlərin təkrarlanmasına səbəb ola bilər.

Beşinci əlamət isə fikirlərdə həddindən artıq sərtlik və dəyişikliklərə müqavimətdir. Bu insanlar öz mövqelərinin mütləq doğru olduğuna inanır, tənqidi isə şəxsi hücum kimi qəbul edə bilirlər. Nəticədə konstruktiv müzakirə aparmaq və davranışlarını dəyişmək çətinləşir.

Bununla belə, mütəxəssislər emosional intellektin dəyişməz xüsusiyyət olmadığını vurğulayırlar. Öz davranışlarını təhlil etmək, empatiya bacarığını inkişaf etdirmək və emosiyaları daha yaxşı idarə etməyi öyrənmək bu sahədə irəliləyişə imkan verə bilər.

Samir

0