Stresslə necə mübarizə aparmalıyıq?

SAĞLAMLIQ
14:22 / 11.09.2026
215

“Stressi tamamilə yox etmək mümkün deyil”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, sadəcə stressin bizi idarə etməsinin qarşısını almalıyıq:
“Yəni stress bizi idarə etməyə başladıqca bədənimiz artıq onun bizi idarə etməsinə icazə verir. Ancaq biz stressi idarə etməyə başladıqca ona qalib gələ bilərik. Xüsusilə də stressli bir yerdə çalışan insan üçün gündəlik sistemdə özünü idarə etməyə başlaması çox önəmlidir. Stress zamanı beynimiz təhlükəni daha sürətlə qiymətləndirir. Bədən bu anda yaşadığı anın stressindən reaksiya verməyə başlayır. Bu anda reaksiya olaraq ürək döyüntüsü artır, nəfəs sürətlənir, əzələlər gərginləşir və diqqət daralır.

O anda “niyə belə oldum?' demək yerinə “hazırda bədənim stressə reaksiya verir və indi özümü tənzimləməliyəm” deməliyik. Çünki bu zaman baş verən situasiyanı hiss edərək bədənimizi dinləmiş oluruq. Stressli olanda ilk növbədə dayanmaq lazımdır. Nəfəsimizi yavaşlatmalı, dərindən nəfəs alıb, sonra nəfəsi yavaş-yavaş verməliyik. Bir neçə dəfə nəfəsi daha uzun müddətə vermək, çiyinlərimizi boşaltmaq və diqqəti olduğumuz məkana qaytarmaq sinir sistemini sakitləşdirməyə kömək edir”.

Ekspert qeyd edib ki, stressi idarə etməyə başladıqca ona qalib gələcəyik:
“Bu, hər birimizin şüarı olmalıdır: “Mən stressi idarə etməliyəm, stress məni idarə etməməlidir”. Bundan başqa, stressli işdə çalışan insanın ən böyük səhvi stressi normal həyat tərzinə çevirməkdir. Yəni stressə adi yanaşmaq lazım deyil. İnsan hər gün gərgin olanda bir müddət sonra bunun normal olduğunu düşünməyə başlayır. Əslində isə belə deyil. Davamlı gərginlik istər-istəməz yuxunun pozulmasına, əsəbiliyə, diqqətin azalmasına, işdən sonra belə beynin dayanmamasına səbəb olur.

Burada iş və istirahət sərhədi çox vacibdir. İşlə istirahət arasında balansı ayırmalıyıq. Mümkün olduqda işdən sonra iş mesajlarını dayandırmaq, fasilələr vermək və kompüter qarşısında naharımızı keçirməmək lazımdır. Gün ərzində qısa da olsa hərəkət fasilələri yaratmalıyıq. Unutmamalıyıq ki, stressli olduğumuz vəziyyət işlədiyimiz işdə də özümüzə bir qatqı vermir. Yəni stressi idarə etməyə başladıqca özümüzə iş baxımından istər mənəvi, istər ruhi olaraq nələrsə qata biləcəyik. Ancaq stressli şəkildə özümüzə və ya işə faydamız olmur”.

Psixoloq əsəbi iş yoldaşımıza münasibətimizin necə olması barədə də danışıb:
“Məsələn, həmkarımız əsəbidir və ya yaxud bizə müraciət edən müştəri gərgindir. O zaman qarşı tərəfin emosiyasını dərhal öz emosiyanıza çevirmək məcburiyyətində deyilsiniz. Yəni onlar gərgindirsə, siz də gərgin olmayın. Empatiya etmək və ya başqasının emosiyasını daşımaq fərqlidir. Bəli, biz empatiya qura bilə və onun gərginliyini anlayarıq. 

Ümumiyyətlə, stressi idarə etmək yalnız psixoloji deyil, həm də fiziki məsələdir. Fiziki aktivlik, düzgün qidalanma, normal yuxu rejimi və istirahət stressə dözümlülüyümüzə təsir göstərir. Stressli insanlar adətən enerjisiz və yuxulu olurlar. İş zamanı bir neçə dəqiqə dinlənmək çox mühümdür. Beş dəqiqəlik də olsa qısa fasilə, dayanmaq, ayağa qalxmaq, nəfəsi tənzimləmək, ekrandan uzaqlaşmaq, xəyallar qurmaq və ya su içmək müsbət təsir edəcək”.

Nabat Mirzəyeva diqqətə çatdırıb ki, gərginliyin əsas səbəblərindən biri işin çoxluğu deyil, hər şeyi eyni anda həll etməyə çalışmağımızdır:
“Bütün işi bir gündə etməyə çalışmaq səhvdir. Bu məqamda özümüzə bu sualları verməliyik: “İndi nəyi etməyim daha önəmlidir?, Hansı iş mənə öncə gözləyir? Nə mənim məsuliyyətim deyil və nə mənim məsuliyyətimdir?” Özümüzə suallar verdikcə əslində nə istədiyimizi daha gözəl bilirik. Çünki bu 3 sual bəzən stressin özündən daha çox, hətta işi belə həll edir.

Stressi həyatımızdan tamamilə çıxarılmaq mümkün deyil. Əslində, stressə müəyyən qədər ehtiyacımız da var: bizi hərəkətə keçirir, diqqətimizi artırır, müəyyən qədər təhlükəyə qarşı hazırlayır. Problem stressin qısamüddətli reaksiyadan çıxıb daimi vəziyyətə çevrilməsidir. 

Stressli anda ilk addım problemi həmin saniyədə həll etməyə çalışmaq olmamalıdır. Özümüzü tənzimləməli, dayanmalı, nəfəsimizi yavaşlatmalı, sonra qərar verməyə çalışmalıyıq. Birsözlə, stressə davamlı insan heç vaxt stress yaşamayan insan deyil, stress gələndə özünü yenidən tənzimləməyi bacarandır”.

Pərviz

0