İkinci Qarabağ müharibəsi: “Təzyiqlər Azərbaycanı dayandıra bilmədi”

SİYASƏT
10:39 / 12.05.2026
104

"İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi".

Bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bildirib. 

Ölkəmizin başçısı qeyd edib ki, bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi:

“Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil – onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı”.

Lakin Prezident xalqın bir yumruq kimi birləşməsindən güc aldığını vurğulayıb. Nəticədə, bütün xalq Prezidentin ətrafında birləşdi və İlham Əliyevin rəhbərliyi altındakı Azərbaycan Ordusu tarix yazaraq Qarabağı tamamilə işğaldan azad etdi. 

Siyasi şərhçi Azər Həsrət Hit.az-a açıqlamasında deyib ki, ölkə başçısının məlum çıxışında ATƏT-in Minsk qrupunu xüsusi vurğulaması ayrıca şərh edilməlidir: 

398957

“Söhbət ATƏT-in yaratdığı hansısa qrupdan getmir. Həmin qrupun həmsədrlərinin hər üçü BMT Təhlükəsizlik Şurasının daimi üzvləri idi - ABŞ, Fransa və Rusiya. Bu dövlətlər BMT səviyyəsində Azərbaycana təzyiq göstərmək imkanına malik idilər. Azərbaycan isə belə güclərin qarşısında öz qətiyyətini nümayiş etdirməyi bacardı. Bununla yanaşı, həmin dövlətləri dəstəkləyən və onların mövqeyini paylaşan kifayət qədər nüfuzlu ölkələr var idi ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı təzyiq altında saxlamağa çalışırdılar”. 

Ekspert diqqətə çatdırıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan dövləti, Prezident İlham Əliyevin liderliyi, eləcə də qəhrəman oğul və qızlarımızın sayəsində bu sınaqdan üzüağ çıxdı və illərlə arzulanan qələbəni qazandı:

“Prezident İlham Əliyevin də dediyi kimi, biz yalnız Ermənistana deyil, onun arxasında duran qüvvələrə də qalib gəldik. Azərbaycanın bu qələbəsi min illər sonra belə böyük ehtiramla xatırlanacaq”.

Günel Cəlilova

0