Deputat: “WUF13-ün Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır”

SİYASƏT
11:48 / 13.05.2026
92

Ölkəmiz növbəti dəfə mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. 

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası mayın 17-22-də Bakıda keçiriləcək. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər” mövzusuna həsr olunan forum çərçivəsində 370-dən çox tədbirin təşkili nəzərdə tutulur. 

WUF13-ün Azərbaycanda təşkil olunmasının ölkə iqtisadiyyatına verəcəyi töhfələr haqqında danışan millət vəkili Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, bu Forumun ölkəmizdə keçirilməsi kifayət qədər mühüm hadisələrdən biri hesab olunur:

399105

“Çünki Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası iştirakçı sayına görə dünyada ikinci ən böyük tədbir sayılır. Foruma 35 min xarici nümayəndənin qatılması gözlənilir. Artıq 25 mindən çox nümayəndə qeydiyyatdan keçib. Bu səbəbdən forum iştirakçılıq baxımından ən iri beynəlxalq platformalardan biri hesab olunur”.

Millət vəkilinin sözlərinə görə, Forum Bakının infrastrukturunun, eləcə də Azərbaycanın bu istiqamətdə tətbiq etdiyi yeniliklərin təqdimatı baxımından da xüsusi əhəmiyyət daşıyır: 

“Tədbirin əsas ünvanı paytaxt Bakı olsa da, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni şəhərsalma modelləri də WUF13 çərçivəsində təqdim ediləcək. Forum turizmin inkişafı baxımından da mühüm rol oynayacaq. Bir tərəfdən, 35 min nümayəndənin ölkəyə gəlməsi turizm və xidmət sektoruna ciddi töhfə verəcək, digər tərəfdən isə uzunmüddətli turizm potensialının artmasına müsbət təsir göstərəcək”.

V.Bayramov hesab edir ki, WUF13 Azərbaycanın potensialının beynəlxalq səviyyədə təqdim olunmasına geniş imkan yaradacaq:

 “Bu isə ölkəyə sərmayələrin cəlbi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə qeyri-neft sektoru və infrastruktur sahələrinə investisiya axınının artması mümkün hesab olunur. WUF13 COP-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbir hesab edilir”. 

Günel Cəlilova

0