Mən Prezident İlham Əliyevə böyük hörmət və heyranlıq duyuram.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
“İlk növbədə, hamınıza, xüsusilə də Azərbaycan xalqına böyük qonaqpərvərliyə, burada - Bakıda bir daha göstərilən möhtəşəm qarşılanmaya və təşkil etdiyiniz unudulmaz tədbirə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin Prezident İlham Əliyevə, əziz dostuma xüsusi təşəkkür edirəm. Çünki bu barədə bir qədər fərqli danışmaq istəyirəm. Mən hər dəfə Bakıya, Azərbaycana gələndə - bu isə ən azı ildə bir dəfə baş verir - burada böyük dəyişikliklərin şahidi oluram. Azərbaycan xalqının və Prezident İlham Əliyevin birlikdə ölkənizin və xalqınızın rifahı naminə əldə etdiyi böyük tərəqqini görürəm. Bunu xaricdən gələn insanların görməsi daha asandır. Çünki siz özünüz gündəlik həyatınızda dəyişikliklərə daha tez uyğunlaşırsınız və onları bəzən əvvəlki qədər hiss etmirsiniz. Amma biz kənardan baxdıqda son illərdə Azərbaycanın nə qədər böyük inkişaf yolu keçdiyini açıq şəkildə görürük. Bunun çox sadə bir izahı var. Bu, sizin zəhmətiniz və fədakarlığınızla bağlıdır. Amma bundan əlavə, İlham Əliyevdə bir xüsusiyyət var ki, o, bir çoxumuzdan, bəlkə də hamımızdan daha güclüdür. Bu, öz xalqına və ölkəsinə olan böyük sevgisidir. Məhz buna görə o, belə möhtəşəm inkişaf əldə edir. Məhz buna görə bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Mən ona böyük hörmət və heyranlıq duyuram. Eyni hissləri sizə qarşı da keçirirəm, əziz dostlar. Mən də öz ölkəmdə — Serbiyada buna bənzər, tam olmasa da müəyyən dərəcədə oxşar işlər görməyə çalışıram”, - Serbiya Prezidenti qeyd edib.//APA


