Partiya sədri: “WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın uğurudur”

SİYASƏT
12:00 / 19.05.2026
127

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi həddindən artıq böyük bir hadisədir”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ölkəmiz dünyanın ən böyük forumlarından birinə ev sahibliyi edir:


“Əlbəttə ki, bu da dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana göstərilən böyük etimaddır. Bu gün dünyanı maraqlandıran, narahat edən ən vacib məsələlər Bakıda müzakirə olunur. Dünyanın əsas problemlərindən biri də şəhərsalma ilə bağlıdır. Əvvəllər əhalinin çox hissəsinin şəhərdə yaşaması inkişaf və mədəniyyət kimi müsbət amil qeyd olunurdu. Lakin indi elə bir vəziyyət yaranıb ki, artıq dünya prosesin hara doğru gedəcəyini düşünür”.

Həmsöhbətimiz qeyd edib ki, hazırda statistik məlumatlara görə, dünya əhalisinin 55-56 faizi şəhərlərdə yaşayır:
“Bu, təhlükəli rəqəmdir. Hətta proqnozlar göstərir ki, 25-30 ildən sonra dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Təbii ki, bu da böyük problemdir. Bəs onda kənd təsərrüfatı ilə kimlər məşğul olmalıdır? Şəhərlə kəndin qarşılıqlı münasibətləri necə təşkil olunmalıdır? Gördüyünüz kimi həddindən artıq həyati məsələdir. Ona görə də dünyanın bu yaşam problemi üzərində düşünürlər. Bəlkə də WUF13-də optimal variant və ya təkliflər ortaya çıxa bilər”.

Akif Nağı diqqətə çatdırıb ki, bütün dünyada şəhərlərin inkişafı ilə bağlı problemlər var:
“Şəhərlərdə həddindən artıq hündürmərtəbəli binalar tikilir. Eyni zamanda, şəhərlərdə havanın çirklənməsi və tıxac problemi var. Bunların hamısı şəhər həyatını az qala dözülməz hala gətirib çatdırıb. Burdan çıxış yolu nədən ibarətdir? Necə tapılmalıdır? Bununla bağlı hamı bir yerdə hamı fikirləşməlidir. Düşünürən ki, şəhərlərin gələcəyi ilə bağlı məsələlərin müzakirəsi çox vacibdir”.

Partiya sədri vurğulayıb ki, WUF13-ə ev sahibliyi üçün Bakının seçilməsi çox mühümdür:
“Bu, həm də paytaxtımıza olan etimadın göstəricisidir. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dünyadakı nüfuzunu artırır. İndiyə qədər ölkəmizdə keçirilən bütün təbdirlərdə Azərbaycan özünün bacarıqlarını ən yüksək səviyyədə göstərib. Onu da vurğulayaq ki, dünyanın ən müxtəlif siyasi liderlərinin bu Forumda bir araya gəlməsi də çox vacib məsələdir. Bir növ sülh və əməkdaşlıq platforması da formalaşır.

Üstəlik, belə tədbirlər sayəsində ölkəmizə yeni xarici investisiyalar da qoyulur. Bundan başqa, Azərbaycan işğaldan azad etdiyi bölgələrdə qısa zamanda necə böyük işlər gördüyünü nümayiş etdirir. Yekunda hesab edirəm ki, WUF13-ün Bakıda möhtəşəm şəkildə keçirilməsi Azərbaycanın çox böyük uğuru kimi dəyərləndirilməlidir. İnanıram ki, bu Forum həm Azərbaycan, həm də bütövlükdə bütün dünya üçün yaxşı nəticələrlə bitəcək”.

Elmir Mustafa
 

0