Bakıda son günlər nəqliyyat sahəsində yaşanan dəyişikliklər sərnişinlərin gündəlik gediş-gəlişinə də təsir edib.
Avtobus marşrutlarında dəyişikliklərlə yanaşı, bəzi ərazilərdə sərnişinlərin istifadə etdiyi “1 manatlıq taksilərin” də yığışdırılması narazılığa səbəb olub. Bu nəqliyyat vasitələrinin olmaması xüsusilə müəyyən istiqamətlər üzrə hərəkət edən sərnişinlərin alternativ nəqliyyat tapmasını çətinləşdirib.
Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, “manatlıq taksilər”lə bağlı yaranan vəziyyət təkcə sərnişinlərin gediş-gəlişi ilə məhdudlaşmır:

“Bu xidmətin küçələrdə nizamsız şəkildə təşkil olunması nəqliyyatın ümumi hərəkətinə və axının tənzimlənməsinə də müəyyən çətinliklər yarada bilər. Bu nəqliyyat vasitələrinin fəaliyyətinə son veriləcəyi təqdirdə sərnişinlərin alternativsiz qalmaması üçün əvvəlcədən bir sıra tədbirlərin görülməsi vacibdir. İlk növbədə, ictimai nəqliyyatın əhatə dairəsi genişləndirilməli, sərnişinlərin rahat şəkildə avtobusa minib-düşə biləcəyi dayanacaqlar və yeni dayanma məntəqələri artırılmalıdır”.
Ekspert hesab edir ki, marşrutların sərnişin tələbatına uyğun qurulması da bu prosesin əsas hissələrindən biri ola bilər:
“Bu imkanlar yaradılarsa, vətəndaşın gündəlik gediş-gəlişində alternativlər çoxalacaq və “manatlıq taksilər”ə olan ehtiyac tədricən azala bilər”.
Sevinc


