Sevgilisinin, nişanlısının və ya həyat yoldaşının ona sadiq olub-olmadığını öyrənmək istəyənlər artıq bunun üçün sosial şəbəkələrdəki xüsusi səhifələrə müraciət edirlər.
Ödəniş qarşılığında göstərilən bu xidmətdə qarşı tərəfə saxta hesabdan mesaj yazılır, söhbət qurulur və onun münasibətə necə reaksiya verəcəyi “sınağa çəkilir”. Bəzən adi bir mesajla başlayan yazışma uzunmüddətli ünsiyyətə çevrilir və sifarişçiyə bunun əsasında müxtəlif nəticələr təqdim olunur.
Amma burada daha ciddi bir sual ortaya çıxır: Bir insanın sədaqətini yoxlamaq adı ilə onunla gizli şəkildə yazışmaq nə dərəcədə doğrudur və bu fəaliyyət hansı məqamda şəxsi həyata müdaxilə hesab oluna bilər? Üstəlik, belə səhifələrin əldə etdiyi yazışmaların və digər məlumatların sonrakı taleyi də ciddi suallar doğurur.
Vəkil Tağı Hüseynov Hit.az-a açıqlamasənda deyib ki, Azərbaycan qanunvericiliyində detektiv fəaliyyəti, o cümlədən insanların izlənilməsi ilə bağlı belə bir fəaliyyət növü nəzərdə tutulmayıb və bu fəaliyyət qadağandır:

“Şəxsi həyata müdaxilə ilə bağlı da qanunvericilikdə müvafiq məsuliyyət müəyyən edilib. Bir şəxsin iradəsindən və razılığından kənar şəkildə izlənilməsi, onun şəxsi həyatına aid materialların icazəsi olmadan əldə edilməsi yolverilməzdir. Burada əsas məqam həmin məlumatların şəxsin özü tərəfindən açıq şəkildə paylaşılıb-paylaşılmamasıdır.
Məsələn, şəxs sosial şəbəkədə açıq profilində öz fotosunu paylaşırsa, həmin görüntünün götürülməsi özlüyündə şəxsi həyata müdaxilə hesab olunmur. Lakin qapalı profildən icazəsiz şəkildə foto və digər materialların əldə edilməsi, şəxsin telefonuna qanunsuz daxil olunması, sosial şəbəkələrdə paylaşmadığı yazışmalarının izlənilməsi və telefon danışıqlarının nəzarətdə saxlanılması şəxsi həyatın toxunulmazlığı baxımından hüquqi məsuliyyət yarada bilər”.
Ekspert qeyd edib ki, Azərbaycanda detektiv fəaliyyəti ayrıca fəaliyyət növü kimi qanunvericilikdə mövcud deyil və qadağandır:
“Bəzi ölkələrdə, o cümlədən Rusiyada və bir sıra Qərb ölkələrində bu sahədə fəaliyyət göstərən şəxslər və xidmətlər mövcuddur. Lakin Azərbaycanda belə bir fəaliyyət növü qanuni əsaslarla fəaliyyət göstərən sahə kimi nəzərdə tutulmayıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi həyatın toxunulmazlığını pozma ilə bağlı məsuliyyət müəyyən edilir.
Maddəyə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, foto və video materialların, səs yazılarının qanunsuz toplanılması, yayılması, satılması və ya başqa şəxsə verilməsi məsuliyyət yarada bilər. Yazışma və telefon danışıqlarının sirrinin pozulması isə Cinayət Məcəlləsinin 156-ci maddəsi ilə ayrıca tənzimlənir”.
Sevinc


