Rusiya Avropada taxıl ixracına kömək edən şirkət tapıb

DÜNYA
12:32 / 07.10.2026
56

Ukraynanın Rusiya limanlarına təzyiqi fonunda Moskva taxıl ixracının bir hissəsini Baltikyanı ölkələrə yönəldib. İddialara görə, Rusiyanın Avropada taxılını xarici bazarlara çıxarmasına Litvada fəaliyyət göstərən şirkətlərdən biri kömək edir.

HİT.az “Babel”ə istinadən xəbər verir ki, Latviya, Litva və Estoniya Rusiya taxılının ixracı üçün alternativ marşrutlara çevrilib. Bu üç ölkə arasında hazırda Rusiya taxılının tranzitini məhdudlaşdırmayan yeganə dövlət Litvadır.

Məlumata görə, Litva yalnız sentyabrın əvvəlindən ölkə ərazisindən daşınan taxılın Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən gətirilib-gətirilmədiyini yoxlamağa başlayıb. Taxılın mənşəyində işğal olunmuş ərazilərlə bağlı problem aşkarlanmadıqda onun tranzitinə maneə yaradılmır. Ekspertlər isə bu tədbirlərin kifayət etmədiyini bildirirlər.

Litva Seyminin Milli Təhlükəsizlik və Müdafiə Komitəsi sədrinin müavini, keçmiş müdafiə naziri Laurinas Kaşçunas Rusiyanın taxılının böyük hissəsinin Litvada **Dognus** şirkəti vasitəsilə ixrac edildiyini açıqlayıb.

Klaypedada qeydiyyatdan keçmiş şirkət 2012-ci ildə yaradılıb. Onun bütün səhmləri isə 2012-ci il oktyabrın 8-də Rusiyanın aqrobiznes nümayəndəsi Aleksandr Dolqova keçib.

Aleksandr Dolqov qardaşı Dmitri ilə birlikdə Kalininqrad vilayətinin ən böyük aqroholdinqlərindən biri olan “Dolgov Group”un təsisçilərindəndir. Məlumata görə, şirkət regiondakı kənd təsərrüfatı torpaqlarının böyük hissəsini idarə edir və qardaşlar Kalininqradda nüfuzlu biznesmenlər hesab olunur.

Bildirilib ki, Dolqov qardaşları 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsini dəstəkləyib. Hazırda onların Rusiya ordusuna maliyyə yardımı göstərdiyi iddia olunur. Hətta Rusiyanın Baltik Donanmasının 11-ci ordu korpusunun Dolqovlara təşəkkür etdiyi barədə məlumatların yayıldığı qeyd edilir. Həmin hərbi birləşmə Ukraynaya qarşı döyüşlərdə iştirak edir.

Dognusla bağlı şübhələr

Məqalədə qeyd olunur ki, Aleksandr Dolqov 2016-cı ilin oktyabrında Dognus şirkətini Litva vətəndaşı Povilas Norkunasa satıb. Lakin mənbələr Norkunası nominal sahib kimi qiymətləndirir və Dolqov qardaşlarının şirkətlə əlaqəsini gizlətmək məqsədilə belə bir addımın atıla biləcəyini bildirirlər.

2024-cü ildə Litva mediasında aparılan araşdırmalarda da Dolqov qardaşlarının Dognus şirkətinin arxasında qalmaqda davam etdiyi iddia olunub. Şirkətin onların aqroholdinqinə məxsus yüz minlərlə ton Rusiya taxılını ixrac etdiyi və bununla Qərb sanksiyalarından yayınmaq üçün istifadə olunduğu bildirilib.

Dognus ilə “Dolgov Group” arasında əlaqəni göstərən digər fakt kimi şirkətin saytında “Dolgov Group”a aid reklam videosundan fraqmentlərin və Kalininqrad vilayətinin Qusev şəhərində yerləşən elevatorun görüntülərinin olması göstərilir. Həmin elevatorun tikintisinin 2021-ci ildə başa çatdığı bildirilir.

Kaşçunas Litvanın məsələni qısa müddətdə həll etməli və Rusiya taxılının öz ərazisindən tranzitini dayandırmalı olduğunu deyib.

“Belə tədarüklər Rusiya büdcəsinin gəlirlərini artırır və Ukraynanı dağıdan, eyni zamanda Ukrayna taxılının dünya bazarlarına çıxışını əngəlləməyə çalışan Rusiya hərbi maşınının maliyyələşdirilməsinə kömək edir”, – deyə o vurğulayıb.

Litvalı deputat həmçinin Dolqov qardaşlarının Avropa İttifaqının sanksiya siyahısına daxil edilməsinin nəzərdən keçirilməli olduğunu bildirib.

Samir

0