“Azərbaycan - Türkmənistan münasibətləri son illərdə sürətli inkişaf dinamikası ilə diqqət çəkir”.
Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu münasibətlərin təməlində iki ölkəni birləşdirən tarixi və mədəni yaxınlıqla yanaşı, qarşılıqlı etimad və ortaq strateji maraqlar dayanır:
“Türkmənbaşıda keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü də əlaqələrin yeni mərhələsini nümayiş etdirdi. Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qəbul olunması ölkəmizə göstərilən etimadın mühüm göstəricisidir.
Bu prosesdə Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsünü xüsusi qeyd etmək lazımdır. Son dövrdə ən yüksək səviyyədə qarşılıqlı səfərlərin intensivləşməsi də siyasi dialoqun yüksək dinamika qazandığını göstərir”.
Millət vəkili qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri Xəzər və Orta Dəhlizdir:
“Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr və Türkmənistanın Mərkəzi Asiyanın mühüm iqtisadi potensialı iki ölkəyə Avropa ilə Asiya arasında bağlantıların inkişafında daha fəal rol oynamaq imkanı verir. Türkmənistan neftinin Azərbaycan üzərindən nəqlinin artması isə enerji sahəsində əməkdaşlığın praktiki nəticələrindən biridir.
İqtisadi əlaqələrin genişləndirilməsi üçün də ciddi potensial mövcuddur. Ticarət, investisiya, nəqliyyat və enerji layihələrinin şaxələndirilməsi iki ölkənin tərəfdaşlığını daha dayanıqlı etməsi mümkündür. Xüsusilə Xəzərin imkanlarından səmərəli istifadə edilməsi həm ikitərəfli münasibətlərə, həm də daha geniş regional əməkdaşlığa yeni impuls verə bilər”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan - Türkmənistan münasibətlərinin mühüm mənəvi tərəfi də var:
“Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına, o cümlədən Füzulidə məscid tikintisinə verdiyi dəstək qardaşlığın konkret ifadəsidir. Bu cür layihələr dövlətlərarası əlaqələri iqtisadi və siyasi çərçivədən çıxararaq xalqlarımızın mənəvi yaxınlığını da nümayiş etdirir.
Bu gün Azərbaycan və Türkmənistan arasında münasibətlər qarşılıqlı etimad əsasında yeni keyfiyyət mərhələsinə yüksəlib. Siyasi dialoqun, iqtisadi əməkdaşlığın, nəqliyyat və enerji bağlantılarının genişlənməsi iki ölkənin yalnız ikitərəfli əlaqələrinə deyil, bütövlükdə Xəzər regionunda və Mərkəzi Asiya - Cənubi Qafqaz məkanında əməkdaşlığın güclənməsinə xidmət edir. Əminəm ki, mövcud siyasi iradə və qarşılıqlı etimad Azərbaycan - Türkmənistan tərəfdaşlığını bundan sonra da daha yüksək səviyyəyə daşıyacaq”.
Elmir Mustafa


